SİYASƏT
Azərbaycan ilə Braziliya arasında kənd təsərrüfatı sahəsində əlaqələr müzakirə olunub
Bakı, 4 mart, AZƏRTAC
Martın 3-də Azərbaycanın Braziliyadakı səfiri Elxan Poluxov bu ölkənin kənd təsərrüfatı, heyvandarlıq və ərzaq təminatı naziri xanım Tereza Kristina ilə görüşüb.
Səfirlikdən AZƏRTAC-a bildiriblər ki, görüşdə səfir Elxan Poluxov həmsöhbətinə ölkəmizdə müvafiq sahədə aparılan islahatlar, yeni texnologiyaların tətbiqi, əkinçilik və heyvandarlıqla məşğul olanlar üçün daha əlverişli imkanların yaradılması barədə məlumat verib. Ölkə rəhbərliyi tərəfindən kənd təsərrüfatı sahəsinə xüsusi diqqətin göstərildiyi qeyd olunub, Braziliya şirkətlərinin də Azərbaycana investisiya yatırması mümkün və vacib hesab edilib.
Azərbaycanın 44 günlük Vətən müharibəsinin nəticələrindən danışan səfir E.Poluxov işğaldan azad edilən ərazilərdə kənd təsərrüfatı üçün böyük geniş torpaqların və infrastrukturun mövcud olduğunu diqqətə çatdırıb. İkitərəfli əməkdaşlıq üçün imkanlardan lazımınca istifadə etmək, gələcəkdə birgə layihələr həyata keçirmək məqsədilə Kənd Təsərrüfatı nazirlikləri arasında Anlaşma Memorandumunun imzalanmasının vacibliyi bildirilib.
Nazir T.Kristina verilən məlumatlara görə təşəkkürünü bildirib, rəhbərlik etdiyi sahə üzrə ölkəmizlə əlaqələrin genişləndirilməsində maraqlı olduğunu diqqətə çatdırıb. Xeyli müddət əvvəl regionumuza səfərini planlaşdırdığını deyən nazir pandemiya səbəbindən bunun reallaşmadığını təəssüflə qeyd edib. Kənd təsərrüfatı sahəsindəki bilik və təcrübələrini ölkəmizlə bölüşməyə hazır olduqlarını deyən nazir, əlaqələrin intensivləşdirilməsinin vacibliyini vurğulayıb.
Sonda əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, Braziliya Latın Amerikası ölkələri arasında kənd təsərrüfatı sahəsində ən böyük istehsalçıdır və bir neçə məhsul üzrə dünyanın aparıcı ölkəsidir.