İQTİSADİYYAT
Azərbaycan ilə Çexiya arasında iqtisadi-ticarət əməkdaşlığı inkişaf edir




Bakı, 1 iyun, AZƏRTAC
İyunun 1-də İqtisadiyyat Nazirliyində Çexiyanın sənaye və ticarət naziri Yozef Sikela ilə görüş olub.
AZƏRTAC xəbər verir ki, görüşdə iqtisadiyyat naziri Mikayıl Cabbarov ikitərəfli əlaqələrin genişlənməsinə önəm verildiyini bildirib. Diqqətə çatdırılıb ki, ölkələrimiz arasında iqtisadi-ticarət əməkdaşlığı inkişaf edir. Bu ilin yanvar-aprel aylarında Azərbaycan-Çexiya ticarət dövriyyəsinin həcmi dəfələrlə artıb. İki ölkə arasında Avropa İttifaqı çərçivəsində, həmçinin ticarət, enerji, kənd təsərrüfatı və digər sahələrdə səmərəli əməkdaşlıq var. Bununla yanaşı, investisiya, sənaye, nəqliyyat-tranzit və sair sahələrdə tərəfdaşlığın genişləndirilməsi, neft-kimya məhsullarının Çexiyaya ixracı üçün geniş imkanlar qeyd olunub.
Görüşdə Azərbaycanın nəqliyyat-tranzit imkanları, Ələt Azad İqtisadi Zonası, Bakı Gəmiqayırma Zavodu və Bakı Beynəlxalq Dəniz Ticarət Limanı barədə məlumat verilib, ölkəmizin sənaye istehsalının lokallaşdırılmasında maraqlı olduğu, çex şirkətlərinin bu məsələdə fəal rol oynaya biləcəkləri bildirilib.
Tədbirdə ölkəmizin əlverişli işgüzar mühiti, investorlara yaradılan imkanlar, azad edilmiş ərazilərimizdə həyata keçirilən layihələr, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının “yaşıl” enerji zonası elan edilməsi barədə də məlumat verilib.
Çexiyanın sənaye və ticarət naziri Yozef Sikela ölkəsinin Azərbaycanı enerji təhlükəsizliyinin təminatında etibarlı tərəfdaş hesab etdiyini, sənaye, ticarət, nəqliyyat-tranzit, bərpa olunan enerji və digər sahələrdə əməkdaşlığın inkişafı üçün geniş potensialı qeyd edib.
Tərəflər iqtisadi-ticarət əməkdaşlığının inkişafı və digər məsələlər barədə müzakirə aparıblar.