ELM VƏ TƏHSİL
Azərbaycan ilə Çin arasında kulinariya sənəti sahəsində əməkdaşlıq genişləndirilir
Bakı, 6 iyun, AZƏRTAC
İyunun 6-da Azərbaycan Dillər Universitetinin (ADU) nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunda “Böyük İpək Yolunda kulinariya sənəti” mövzusunda tədbir keçirilib.
ADU-dan AZƏRTAC-a bildirilib ki, tədbirdə çıxış edən Konfutsi İnstitutunun direktoru, professor Rafiq Abbasov Azərbaycan və Çinin milli kulinariya sənətinin mədəni irsin vacib elementi olduğunu və xalqlarımızın çoxəsrlik ənənələrinə söykəndiyini bildirib. O, Böyük İpək Yolunun mətbəx və qidalanma ənənələrinin xalqların mədəniyyətlərinə qarşılıqlı təsiri haqqında danışıb. Professor Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Çinə tarixi səfəri zamanı iki ölkə arasında mədəniyyət sahəsində əməkdaşlıq haqqında imzalanmış müqavilənin əhəmiyyətini vurğulayıb.
Milli Kulinariya Mərkəzinin baş direktoru Tahir Əmiraslanov isə Azərbaycan mətbəxinin müxtəlifliyi və zənginliyindən, dünyada tanınmasından, beynəlxalq müsabiqələrdə azərbaycanlı kulinarların uğurlarından danışıb. Sonra Konfutsi İnstitutunun əməkdaşları Çin mətbəxinin tarixi və tanınmış yeməkləri haqqında məlumat veriblər.
Sonda Konfutsi İnstitutu ilə Milli Kulinariya Mərkəzi arasında əməkdaşlıq haqqında müqavilə imzalanıb. Müqavilənin əsas məqsədi hər iki ölkə arasında kulinariya sənəti sahəsində əməkdaşlığın genişləndirilməsi, ixtisaslı aşpazların və kulinarların hazırlanması sahəsində əlaqələrin gücləndirilməsi, Azərbaycanda Çin milli mətbəxinin və Çində Azərbaycan milli mətbəxinin tanıdılması, restoranların milli dizaynında müsabiqə və konfransların keçirilməsinə yardım edilməsi, kulinariya sahəsində ustad dərslərinin keçirilməsidir.
Sonda Çin kulinariyası haqqında sənədli film nümayiş olunub.
Tədbirdə Çinin Azərbaycandakı səfirliyinin ictimaiyyətlə əlaqələr və siyasət şöbəsinin rəhbəri Zheng Haynin də iştirak edib.