SİYASƏT
Azərbaycan ilə Dubay Əmirliyi arasında miqrasiya sahəsində əməkdaşlığın perspektivləri müzakirə olunub
Bakı, 21 avqust (AZƏRTAC). Azərbaycan Respublikasının Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Dubay şəhərindəki baş konsulu Pərviz İsmayılzadə Dubay Əmirliyinin Məskunlaşma və Əcnəbilərin İşləri üzrə Baş İdarəsinin rəis müavini, general–mayor Obeyd Moheyr bin Surur ilə görüşüb.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, görüşdə Azərbaycan ilə BƏƏ, xüsusilə Dubay Əmirliyi arasında miqrasiya sahəsində əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparılıb.
P.İsmayılzadə həmsöhbətinə son illərdə Azərbaycanda miqrasiya sahəsində aparılan islahatlar, müvafiq qanunvericiliyə edilmiş əlavə və dəyişikliklər, Dövlət Miqrasiya Xidməti tərəfindən həyata keçirilən tədbirlər, həmçinin Heydər Əliyev Beynəlxalq Aeroportunun yeni istifadəyə verilmiş aerovağzal kompleksi barədə məlumat verib.
Baş konsul Azərbaycan ilə BƏƏ arasında miqrasiya sahəsində əməkdaşlığın daha da inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.
Obeyd Moheyr bin Surur Dubay Əmirliyinin ölkəmiz ilə miqrasiya sahəsində əməkdaşlığa hazır olduğunu diqqətə çatdırıb.
Tərəflər qarşılıqlı maraq doğuran digər məsələlərlə də bağlı fikir mübadiləsi aparıblar.