SİYASƏT


Azərbaycan ilə Dünya Səhiyyə Təşkilatı arasında əməkdaşlığın perspektivləri müzakirə olunub

Bakı, 5 iyul, AZƏRTAC

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ölkəmizdə səfərdə olan Dünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Adhanom Qebreyesus ilə görüşüb.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, nazir Elmar Məmmədyarov Azərbaycan ilə BMT-nin ixtisaslaşmış təşkilatı olan Dünya Səhiyyə Təşkilatı arasında əməkdaşlığı müsbət qiymətləndirib. O, Tedros Adhanom Qebreyesusun Dünya Səhiyyə Təşkilatının baş direktoru vəzifəsinə seçilməsindən sonra təşkilat qarşısında müəyyənləşdirdiyi “hamı üçün səhiyyə, qadın və uşaqların müdafiəsi, təşkilat daxili islahatlar” kimi prioritetlərin təqdirəlayiq olduğunu diqqətə çatdırıb.

Baş direktor Tedros Adhanom Qebreyesus Azərbaycanın səhiyyə sahəsində əldə etdiyi nailiyyətləri yüksək qiymətləndirib. O, rəhbərlik etdiyi təşkilat ilə Azərbaycan arasında əməkdaşlıq üçün geniş potensialın olduğunu qeyd edib, Azərbaycanın uğurlu təcrübəsinin digər üzv ölkələr üçün də maraqlı ola biləcəyini deyib. Baş direktor Azərbaycanın dövlət xətti ilə xarici tələbələr üçün təqaüd proqramları nəzərdə tutduğunu yüksək qiymətləndirib, təşkilat çərçivəsində də səhiyyə sahəsində təhsil üzrə təqaüdlərin ayrılması imkanlarına toxunub.

Görüşdə Dünya Səhiyyə Təşkilatında Azərbaycandan olan mütəxəssislərin çalışmaları və Dayanıqlı İnkişaf Məqsədlərinin milli səviyyədə icrası məsələlərinə dair fikir mübadiləsi aparılıb.

Nazir Elmar Məmmədyarov Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsi məqsədilə hökumət səviyyəsində əlaqələndirilmiş formada aparılan fəaliyyət barədə həmsöhbətinə məlumat verib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.