İQTİSADİYYAT
Azərbaycan ilə Fransa arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq əlaqələri müzakirə olunub
Bakı, 6 oktyabr, AZƏRTAC
Azərbaycanın kənd təsərrüfatı nazirinin müavini İlham Quliyev Fransanın regional kənd təsərrüfatı müşaviri Nikola Perrənin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşün əsas məqsədi Azərbaycan ilə Fransa arasında kənd təsərrüfatı sahəsində müzakirələrin aparılmasından ibarət olub.
Nazir müavini Fransa ilə Azərbaycan arasında iqtisadiyyatın bütün sahələrində olduğu kimi, kənd təsərrüfatı sahəsində də əlaqələrin yeni hüquqi müstəvidə inkişaf etdiyini diqqətə çatdırıb.
İlham Quliyev son dövrlərdə ölkəmizdə kənd təsərrüfatı sahəsində həyata keçirilən islahatlar, ölkə rəhbərliyinin aqrar sahəyə göstərdiyi diqqət və qayğı, aqrar sahənin inkişafı ilə bağlı qəbul olunmuş qərar və sərəncamlar, həmçinin hökumət tərəfindən kənd təsərrüfatının müxtəlif sahələrinə ayrılan subsidiyalar, xüsusilə pambıqçılıq, baramaçılıq, tütünçülük və fındıq istehsalına diqqət yetirildiyi barədə geniş məlumat verib və Azərbaycanın iqlim şəraitinin kənd təsərrüfatının müxtəlif sahələrinin inkişafı üçün əlverişli olduğunu, ölkəmizdə istehsal edilən kənd təsərrüfatı məhsullarının ekoloji baxımdan keyfiyyətliliyini nəzərə çatdırıb.
Fransanın Qarğıdalı Federasiyasının nümayəndəsi bildirib ki, ölkəsi qarğıdalı toxumu istehsalı üzrə Avropada birinci yerdədir və istehsal olunan toxumun 50 faizi Avropa ölkələrinə ixrac edilir. Həmçinin toxumun yaxın Şərq ölkələrinə də ixracına dair təşviqat işi aparılır, təlimlər keçirilir. Qonaq hibrid qarğıdalı toxumlarının Azərbaycanda da sınaqdan keçirilərək əkilməsi ilə bağlı öz təkliflərini verib.
Sonda nazir müavini heyvandarlıq və quşçuluq sahələrinin inkişafında güclü yem bazası yaradılması məqsədilə qarğıdalı istehsalı, həmçinin üzümçülük və şərabçılıq sahəsində birgə müəssisələrin yaradılmasını nəzərə çatdırıb. İ.Quliyev Fransa iş adamları üçün Azərbaycanda əlverişli investisiya mühitinin olduğunu bildirib.
Sonra prioritet sahələr üzrə tərəflər arasında fikir mübadiləsi aparılıb.