SİYASƏT


Azərbaycan ilə Həştərxan arasında əməkdaşlığın inkişafı məsələləri müzakirə olunub

Moskva, 19 sentyabr, AZƏRTAC

Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu Rusiyanın Həştərxan vilayətinin qubernatoru İqor Babuşkin ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, qubernator keçən il dekabr ayının 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə görüşünü məmnunluqla xatırlayaraq, dövlətimizin başçısının Azərbaycanla Həştərxan vilayəti arasında əməkdaşlığın inkişafına daim dəstək verdiyini bildirib və bütün sahələrdə əlaqələrin genişləndirildiyini, o cümlədən hava və dəmir yolu nəqliyyatı, eləcə də gəmiqayırma sahələrində işlərin aparıldığını vurğulayıb.

Səfir Polad Bülbüloğlu Azərbaycanın Həştərxan vilayəti ilə münasibətlərin daim müsbət olduğunu, tarixi köklərə və qarşılıqlı etimada əsaslandığını bildirərək, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın bu əməkdaşlığın daha da dərinləşdirilməsinə xüsusi önəm verdiklərini qeyd edib, onların Həştərxan vilayəti qarşısında xidmətlərinə görə bu vilayətin rəhbərliyi tərəfindən ordenlərlə təltif edildiklərini xatırladıb. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın rəhbərlik etdiyi Rusiyanın Azərbaycanlı Gənclər Birliyi tərəfindən Həştərxanda bir çox layihələrin reallaşdırıldığını qeyd edən səfir Həştərxan şəhəri ilə Bakı şəhərinin Nərimanov rayonu arasında dostluq əlaqələrinin qurulduğunu da diqqətə çatdırıb. P.Bülbüloğlu Həştərxan vilayətinin sabiq qubernatoru Aleksandr Jilkinin Azərbaycan Respublikasının Prezidenti tərəfindən “Dostluq” ordeni ilə təltif edildiyini də vurğulayıb.

Səfir bildirib ki, Heydər Əliyev Fondunun dəstəyi ilə Həştərxanın gözəl məkanına çevrilmiş parkda Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsinə abidənin ucaldılması, Həştərxanda müqəddəs knyaz Vladimirin abidəsinin qoyulması, uşaq bağçasının və məktəbin əsaslı təmiri ikitərəfli münasibətlərin yüksək səviyyəsinin əyani göstəricisidir. İqtisadi və humanitar sahələrdə əməkdaşlığın daha da yüksək səviyyəyə çatdırılması üçün böyük potensialın mövcud olduğunu deyən səfir Azərbaycan-Rusiya Regionlararası Forumunun yaratdığı imkanlardan tam şəkildə yararlanmağın önəmini qarşı tərəfin diqqətinə çatdırıb.

Polad Bülbüloğlu iyul hadisələri ilə bağlı bölgədə yaranmış vəziyyət barədə həmsöhbətini tam şəkildə məlumatlandırıb.

Qubernator İqor Babuşkin ətraflı məlumata və maraqlı müzakirələrə görə təşəkkürünü ifadə edərək, Həştərxanın sıx əməkdaşlığa hazır olduğunu bir daha təsdiq edib.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.