İQTİSADİYYAT


Azərbaycan ilə Həştərxan vilayəti arasında əlaqələr genişlənir

Bakı, 7 dekabr, AZƏRTAC

İqtisadiyyat naziri Mikayıl Cabbarov Bakıda səfərdə olan Rusiya Federasiyasının Həştərxan vilayətinin qubernatoru İqor Babuşkinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, görüşdə nazir Mikayıl Cabbarov Rusiya Federasiyası ilə əlaqələrin strateji müstəvidə dinamik inkişaf etdiyini, dövlət başçılarının ikitərəfli əlaqələrin inkişafına böyük önəm verdiyini deyib. Nazir 2021-ci ilin Azərbaycan-Rusiya əməkdaşlığının inkişafı baxımından uğurlu olduğunu bildirib, bu gün açılışı həyata keçirilən Həştərxan İş Mərkəzinin ikitərəfli əlaqələrin daha da genişləndirilməsində önəmli platforma olacağına əminliyini vurğulayıb.

Rusiya Federasiyasının Həştərxan vilayətinin qubernatoru İqor Babuşkin ölkəsinin Azərbaycanla əlaqələrin genişlənməsinə marağını diqqətə çatdırıb. O, Rusiyanın federal subyektləri, həmçinin Həştərxan vilayəti ilə səmərəli və qarşılıqlı faydalı tərəfdaşlığın qurulduğunu qeyd edib.

Tərəflər Azərbaycan və Həştərxan vilayəti arasında əlaqələrin inkişafı istiqamətləri, xüsusilə gəmiçilik və limanlararası əməkdaşlıq, qarşılıqlı ixracın gücləndirilməsi məqsədilə Həştərxanda və Azərbaycanda müvafiq ticarət şəbəkələrinin yaradılması, kiçik və orta biznes tərəfdaşlığı, eləcə də maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparıblar.

Görüşün sonunda Azərbaycan Respublikası Hökuməti ilə Həştərxan vilayəti (Rusiya Federasiyası) Hökuməti arasında 2022-ci il üçün əməkdaşlığın inkişafı üzrə Tədbirlər Proqramı imzalanıb. Sənədi Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov və Rusiya Federasiyasının Həştərxan vilayətinin qubernatoru İqor Babuşkin imzalayıblar. Sənəd sənaye, kənd təsərrüfatı, qarşılıqlı investisiya qoyuluşu, kiçik və orta sahibkarlıq, mədəniyyət, turizm, gənclər siyasəti, idman və sair sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün növbəti ildə həyata keçiriləcək tədbirləri ehtiva edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.