REGİONLAR
Azərbaycan ilə İFAD arasında əməkdaşlığın perspektivləri müzakirə edilmişdir
Bakı, 4 fevral (AZƏRTAC). Fevralın 4-də Azərbaycan kənd təsərrüfatı nazirinin müavini İlham Quliyev Kənd Təsərrüfatının İnkişafı üzrə Beynəlxalq Fondun (İFAD) Yaxın Şərq, Şimali Afrika və Avropa bölməsinin direktoru xanım Xalida Bouzar ilə görüşmüşdür.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, görüşdə İFAD-ın Azərbaycan hökuməti ilə birgə həyata keçirdiyi layihələr və əməkdaşlığın perspektivləri müzakirə olunmuşdur.
İ.Quliyev İFAD tərəfindən ölkəmizdə həyata keçirilən layihələri yüksək qiymətləndirmiş, gələcəkdə bu sahədə işin davam etdirilməsinin əhəmiyyətini vurğulamış, prioritet istiqamətlər barədə təkliflərin qısa zamanda təqdim olunacağını bildirmişdir.
Xalida Bouzar İFAD-ın ölkə üzrə yeni təyin olunmuş proqram meneceri xanım Dina Salehi təqdim etmiş, əlaqələrin bundan sonra da inkişaf etdiriləcəyinə əminliyini diqqətə çatdırmışdır.