SİYASƏT


Azərbaycan ilə İndoneziya arasında əməkdaşlığın inkişafı məsələləri müzakirə olunub

Bakı, 28 iyul, AZƏRTAC

İyulun 28-də Azərbaycan Respublikasının Xarici İşlər naziri Ceyhun Bayramov Azərbaycandakı diplomatik fəaliyyət müddətinin başa çatması ilə əlaqədar İndoneziya Respublikasının ölkəmizdəki səfiri Husnan Bey Fananie ilə görüşüb.

Xarici İşlər Nazirliyinin mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildiriblər ki, nazir ölkələrimiz arasında həm ikitərəfli, həm də çoxtərəfli müstəvilərdə əməkdaşlığın intensiv şəkildə inkişaf etdiyini məmnunluqla vurğulayıb. O, ölkələrimizin müxtəlif beynəlxalq təşkilatlar, o cümlədən İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Təşkilatı çərçivəsində əməkdaşlığını vurğulayıb.

Ceyhun Bayramov İndoneziyanın Azərbaycan Respublikasının suverenliyinə və ərazi bütövlüyünə birmənalı dəstək mövqeyinə görə səfirə təşəkkürünü ifadə edib. Nazir, həmçinin qarşı tərəfə Ermənistanın bölgədə sülh və təhlükəsizliyə təhdid törədən təcavüzkar siyasəti, o cümlədən iyulun 12-də hər iki dövlətin beynəlxalq sərhədi boyu Azərbaycanın Tovuz rayonu istiqamətində Ermənistan silahlı qüvvələrinin öncədən planlaşdırdığı növbəti hərbi təxribatı barədə məlumat verib. Bu təxribat ilə məqsədlərinə nail olmayan Ermənistanın beynəlxalq ictimaiyyətin qətiyyətli mövqeyi ilə üzləşdiyi vurğulanıb.

Səfir Husnan Bey Fananie Xarici İşlər naziri vəzifəsinə təyinatı ilə əlaqədar Ceyhun Bayramova səmimi təbriklərini çatdırıb. Daha sonra o, iki dövlətin sərhədində yaşanan gərginlik nəticəsində həyatlarını itirən şəhidlərin ailələrinə və Azərbaycan hökumətinə başsağlığını bildirib. O, İndoneziyanın Azərbaycanın beynəlxalq tanınmış sərhədləri çərçivəsində suverenliyi və ərazi bütövlüyünə dəstəyinin birmənalı olduğunu vurğulayıb.

Səfir fəaliyyəti dövründə iki ölkə arasında münasibətlərin inkişaf etdirilməsi istiqamətində səylərin göstərildiyini qeyd edərək, bu xüsusda bir sıra sahələrdə əməkdaşlığın inkişafı potensialının mövcud olduğunu söyləyib. O, iki ölkə arasında səfər mübadiləsinin bu münasibətlərin daha da inkişaf etdirilməsinə töhfə verəcəyinə əminliyini bildirib.

Nazir Ceyhun Bayramov səfirə gələcək fəaliyyətində uğurlar arzulayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.