CƏMİYYƏT


Azərbaycan ilə İndoneziya arasında əməkdaşlıq məsələləri müzakirə olunub

Cakarta, 12 avqust, AZƏRTAC

Azərbaycanın İndoneziyadakı səfiri Cəlal Mirzəyev ilə İndoneziyanın Nəhdlətul Ulamə təşkilatının (NU) İdarə Heyətinin sədri K.H.Yahya Cholil Staquf arasında NU-nun Cakartada yerləşən mənzil-qərargahında görüş keçirilib.

AZƏRTAC xəbər verir ki, görüşdə NU ilə ölkəmizin müvafiq qurumları arasında münasibətlərin yaradılması və inkişafı məsələləri müzakirə edilib.

Səfir Cəlal Mirzəyev ölkəmiz haqqında ətraflı məlumat verərək bildirib ki, Azərbaycan əhalisinin əksəriyyətini müsəlmanların təşkil etməsinə baxmayaraq, digər dinlərin nümayəndələri də burada qarşılıqlı anlaşma və sülh şəraitində yaşayırlar.

O, Azərbaycanın multikultural dəyərlərə malik tolerant bir ölkə olduğunu, bütün dinlərə böyük diqqət və qayğı ilə yanaşıldığını, digər dinlərdən olanların dini mərasimlərini, ayinlərini keçirmələri ilə bağlı heç bir məhdudiyyətin olmadığını qeyd edib: “Ölkəmizdə məscidlərlə yanaşı kilsələr və sinaqoqlar da mövcuddur”.

Səfir cari il noyabrın 2-3-də İndoneziyanın G20-yə sədrliyi çərçivəsində Balidə keçiriləcək R20 Dinlərarası Forumuna Azərbaycan nümayəndə heyətinin dəvət edilməsinin məqsədəuyğun olduğunu da deyib.

Görüşdən məmnunluğunu ifadə edən K.H.Yahya Cholil Staquf Azərbaycanla İndoneziya arasında münasibətlərin daha da inkişaf etdirilməsi perspektivlərinin olduğunu bildirib.

NU sədri Balidə keçiriləcək R20 Dinlərarası Forumunda Azərbaycan nümayəndə heyətinin iştirakı barədə təklifi müsbət qarşıladığını vurğulayıb.

Məlumat üçün qeyd edək ki, NU-nun əsası 1920-ci il yanvarın 31-də Surabaya şəhərində qoyulub. İlkin olaraq siyasi partiya kimi yaradılsa da, sonralar İslam ənənələrinin inkişafına xidmət edən təşkilata çevrilib. 2019-cu ilin məlumatlarına görə, təşkilatın 108 milyondan çox üzvü var. NU, eyni zamanda, İslam internat məktəblərini, orta məktəbləri, kollec və xəstəxanaları idarə edən və müsəlmanların həyat keyfiyyətinin yaxşılaşdırılmasına kömək etmək üçün icmalar təşkil edən xeyriyyə təşkilatıdır.

 
Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Cakarta

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.