MƏDƏNİYYƏT


Azərbaycan ilə İraq arasında mədəniyyət sahəsində əlaqələrin daha da genişləndirilməsi müzakirə edilib

Bağdad, 24 iyun, AZƏRTAC

Azərbaycan Respublikasının İraqdakı səfirliyinin müvəqqəti işlər vəkili Nəsir Məmmədov bu ölkənin parlamentinin mədəniyyət komitəsinin sədri xanım Samia Al-Galab ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, görüşdə iki ölkə arasında mövcud əlaqələr barədə məlumat verən N.Məmmədov mədəniyyət sahəsində əməkdaşlığın bu əlaqələrin daha da gücləndirilməsinə böyük töhfə verəcəyini bildirib.

Diplomat İkinci Qarabağ müharibəsi barədə ətraflı məlumat verərək işğaldan azad edilən ərazilərdə mədəni, tarixi və dini abidələrə dəymiş zərər, Ermənistan tərəfindən vandalizmə məruz qalmış abidələr, məscidlər və muzeylər barədə materiallar təqdim edib.

S.Al-Ghalab ikitərəfli əlaqələrin inkişaf etdirilməsi üçün böyük potensialın olduğunu qeyd edərək, 2019-cu ildə Bakı şəhərində keçirilən UNESCO-nun İrs Komitəsinin 43-cü sessiyasında İraq ərazisində yerləşən tarixi Babil şəhərinin Dünya İrs Siyahısına daxil edilməsində Azərbaycanın xüsusi rol oynadığını bildirib və buna görə öz təşəkkürünü ifadə edib.

Daha sonra S.Al-Ghalab Azərbaycanın işğaldan azad edilmiş ərazilərində Ermənistan tərəfindən törədilmiş vəhşiliklər, mədəni və dini abidələrin dağıdılması məsələsinə toxunaraq, bu vandalizm aktının tək Azərbaycana qarşı deyil, bütün İslam dünyasına qarşı olduğunu vurğulayıb. Xanım sədr İraqın da belə təcrübələrdən keçdiyini, ölkəsinin tarixi abidə və şəhərlərinin İŞİD terror qruplaşması tərəfindən vandalizmə məruz qaldığını xatırladıb.

Komitə sədri iki ölkə arasında əlaqələrin son zamanlar sürətlə inkişaf edilməsindən məmnunluğunu bildirib.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da geniş fikir mübadiləsi aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.