SİYASƏT
Azərbaycan ilə İsrail arasında münasibətlərin inkişaf səviyyəsindən məmnunluq ifadə edilmişdir
Bakı, 1 may (AZƏRTAC, Aidə Quluzadə). Mayın 1-də Milli Məclis sədrinin müavini Valeh Ələsgərov, parlamentin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvləri İsrailin xarici işlər naziri Aviqdor Liberman ilə görüşmüşlər.
AZƏRTAC xəbər verir ki, görüşdə Azərbaycan-İsrail əlaqələrindən söhbət açılmış, hərtərəfli əməkdaşlığın yüksək səviyyədə olduğu vurğulanmışdır.
Milli Məclis sədrinin müavini Valeh Ələsgərov İsrailin xarici işlər nazirinin bu səfərinin və qarşılıqlı görüşlərin ölkələrimiz arasındakı əməkdaşlığa və dostluğa yeni töhfələr verəcəyinə əminliyini ifadə etmişdir. Vurğulanmışdır ki, elə bir sahə yoxdur ki, orada Azərbaycan-İsrail əlaqələri inkişaf etməsin. Sevindirici haldır ki, son illərdə informasiya-kommunikasiya texnologiyaları, elm, səhiyyə və innovativ sahələrdə əməkdaşlığımız daha da genişlənməkdədir.
İsrailin xarici işlər naziri Aviqdor Liberman iki ölkə arasında bütün sahələr üzrə yüksək əməkdaşlıq və səmimi dostluq münasibətlərinin mövcud olduğunu vurğulamışdır. O, əsas diqqəti ölkələrarası əlaqələrin inkişafında dövlətlərimizin başçılarının qarşılıqlı səfərlərinin roluna cəlb etmişdir.
Qonaq bildirmişdir ki, xalqlar arasında əlaqələrin inkişaf etdirilməsi vacib məsələdir. Sevindirici haldır ki, İsraildə çox güclü Azərbaycan diasporu vardır, eyni zamanda, Azərbaycanda yəhudi icması fəaliyyət göstərir.
Sonda tərəfləri maraqlandıran bir sıra məsələlər müzakirə olunmuşdur.