SİYASƏT
Azərbaycan ilə İsveçrə arasında ikitərəfli münasibətlər müzakirə olunub
Bern, 14 fevral, AZƏRTAC
Azərbaycan Respublikasının İsveçrə Konfederasiyasındakı səfiri Xanım İbrahimova bu ölkənin parlamentinin aşağı palatası olan Milli Şuranın (Konqres) prezidenti İzabel More ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, görüşdə səfir parlamentlərarası münasibətlərin İsveçrə-Azərbaycan əlaqələrinin inkişafında mühüm rol oynadığını qeyd edib, bu baxımdan İsveçrə parlamentinin yuxarı palatası sayılan Kantonlar Şurasının (Senat) prezidenti Jan-Rene Furniyenin ötən ilin sonlarında Bakıya səfərinin ölkəmizdə yüksək qiymətləndirildiyini bildirib. Eyni zamanda, İsveçrə parlamentində fəaliyyət göstərən azsaylı dostluq qruplarından birinin Azərbaycan ilə olmasından məmnunluq ifadə edilib.
Səfir X.İbrahimova İsveçrə parlamentinin mart sessiyasında hər iki palatanın üzvləri üçün səfirlik tərəfindən Azərbaycan barədə təqdimatın təşkil ediləcəyini bildirib, yaradılan bu imkana görə İ.Moreyə minnətdarlığını çatdırıb. Qeyd edilib ki, İsveçrə parlamentariləri Azərbaycan barədə məlumatları əsasən mətbuatdan əldə etdiyini nəzərə alsaq, onlara informasiyaların daha dolğun və dürüst çatdırılması baxımından bu cür təqdimatların əhəmiyyəti çox böyükdür.
Diplomat həmsöhbətini fevralın 9-da ölkəmizdə keçirilən parlament seçkiləri barədə məlumatlandırıb, bu seçkilərin xalqın iradəsini əks etdirdiyini, 1300-dən çox namizədin 125 mandat uğrunda mübarizə aparmasının həm xalqın seçkilərə marağının, həm də seçkilərin rəqabət mühitində keçməsinin bariz nümunəsi olduğunu vurğulayıb. Bundan başqa, yeni parlamentin üzvlərinin təqribən 20 faizinin qadınlardan ibarət olacağı diqqətə çatdırılıb.
Görüşdə, həmçinin Azərbaycan ilə İsveçrə arasında ikitərəfli iqtisadi və siyasi münasibətlərdən, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən struktur islahatlardan söz açılıb, eyni zamanda, Ermənistan-Azərbaycan Dağlıq-Qarabağ münaqişəsi ətrafında fikir mübadiləsi aparılıb.
Xanım İbrahimova Azərbaycanın beynəlxalq aləmdə qazandığı nüfuza toxunaraq, digər dövlətlərin ölkəmizi etibarlı tərəfdaş kimi görməsi sayəsində bu gün Azərbaycanın Qoşulmama Hərəkatı və GUAM kimi təşkilatlara sədrlik etdiyini diqqətə çatdırıb.
İ.More Azərbaycanın nailiyyətlərindən məmnunluğunu ifadə edərək, ölkəmizə uğurlar arzulayıb.
Elgün Niftəli
AZƏRTAC-ın xüsusi müxbiri
Bern