SİYASƏT


Azərbaycan ilə İtaliya arasında münasibətlər yüksək səviyyədədir VİDEO

Roma, 18 may, AZƏRTAC

Milli Məclisin Sədri Sahibə Qafarova İtaliyaya rəsmi səfəri çərçivəsində mayın 18-də İtaliya Respublikasının Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyinin dövlət katibi, Azərbaycan Respublikası və İtaliya Respublikası arasında İqtisadi Əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiyanın həmsədri Manlio Di Stefano ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, Manlio Di Stefano Azərbaycan nümayəndə heyətini salamlayaraq, İtaliyaya rəsmi səfərin uğurlu olacağına ümidvar olduğunu bildirib. Azərbaycana sonuncu səfərini məmnunluqla xatırlayan Di Stefano ölkəmizdən xoş təəssüratlarla ayrıldığını vurğulayıb.

Milli Məclisin Sədri Sahibə Qafarova səmimi görüşə görə təşəkkür edərək, rəsmi səfərin İtaliya Senatının Sədri Maria Elisabetta Alberti Kasellatinin dəvəti əsasında baş tutduğunu bildirib.

S.Qafarova çıxışında Azərbaycan ilə İtaliya arasında münasibətlərin yüksək səviyyədə olduğunu diqqətə çatdırıb. Sədr qeyd edib ki, İtaliya Prezidenti Sercio Mattarellanın 2018-ci ildə Azərbaycana, Azərbaycan Prezidenti İlham Əliyevin 2020-ci ildə İtaliyaya səfərləri əlaqələrin inkişafına böyük töhfə verib.

Mədəni əlaqələrin inkişafına toxunan S.Qafarova Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və ICESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın təşəbbüsü ilə İtaliyada həyata keçirilən layihələri vurğulayıb. Qeyd olunub ki, bu cür layihələr ölkələrimiz və xalqlarımız arasında münasibətlərin daha da dərinləşməsinə xidmət edir.

Daha sonra Milli Məclisin Sədri 44 günlük Vətən müharibəsi və artıq başa çatmış münaqişə barədə məlumat verib. Bildirilib ki, hazırda Azərbaycan işğaldan azad olunmuş ərazilərdə böyük quruculuq işlərinə başlayıb.

Ermənistanın münaqişə başa çatdıqdan sonra da tutduğu qeyri-konstruktiv mövqeyə toxunan S.Qafarova bildirib ki, Ermənistan minalanmış ərazilərin xəritəsini təqdim etmir və bu yolla ərazilərdə bərpa işlərini və məcburi köçkünlərin doğma torpaqlarına qayıda bilməsi prosesini ləngidir. Eyni zamanda, Ermənistan həqiqəti əks etdirməyən məlumatlar yayaraq, münaqişə başa çatdıqdan sonra saxlanılan terrorçuları “hərbi əsir“ kimi qələmə verməyə çalışır.

Milli Məclisin Sədri vurğulayıb ki, Azərbaycan sülh tərəfdarıdır, regionda bütün insanların sülh içində yaşamasını istəyir.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Elgün Niftəli

AZƏRTAC-ın xüsusi müxbiri

Roma

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.