CƏMİYYƏT


Azərbaycan ilə Kanada arasında gender sahəsində əməkdaşlığın perspektivləri müzakirə olunub

Bakı, 13 mart, AZƏRTAC

Martın 13-də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK) sədri Hicran Hüseynova Kanada Baş nazirinin Avropa İttifaqı və Avropa məsələləri üzrə xüsusi elçisi, bu ölkənin Almaniyadakı səfiri Stefan Dionun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, görüşdə ikitərəfli əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparılıb.

Hicran Hüseynova Azərbaycanla Kanada arasında əlaqələrin yaxşı səviyyədə olduğunu deyib. O, iki ölkə arasında əməkdaşlığın daha da gücləndirilməsi üçün zəruri istiqamətlər və qarşılıqlı faydalı əsaslar üzərində iş birliyinin yaradılmasının vacibliyini diqqətə çatdırıb.

Görüşdə qeyd olunub ki, qadının cəmiyyətdə layiqli yer tutması Azərbaycan dövlətinin əsas məqsədlərindən biridir. Qadın və qızlarımız dövlətin yaratdığı bütün imkanlardan yararlanır, təhsil alır, ictimai-siyasi proseslərdə fəal iştirak edir, yüksək vəzifələr tutur, sahibkarlıq sahəsində geniş təmsil olunurlar. Onlar səhiyyə, təhsil, elm, mədəniyyət, idman, hüquq-mühafizə və s. sahələrdə fəaliyyət göstərirlər. Bu, Azərbaycan dövləti, xüsusilə Prezident İlham Əliyev tərəfindən aparılan uğurlu dövlət qadın siyasətinin məntiqi nəticəsidir.

H.Hüseynova deyib: “Bizimlə əməkdaşlıq qurmaqda maraqlı olmağınız bizi sevindirir və bunu dəstəkləyirik. Sizin ölkənizdə gender məsələləri çox yüksək səviyyədə olduğu üçün bu məsələlərə diqqətlə yanaşırsınız. Azərbaycanda ailə, qadın, uşaq problemlərinin həlli daim dövlətin diqqət mərkəzindədir. İstər həyata keçirilən təcrübə mübadiləsi, istərsə də imzalanan sənədlər çərçivəsində bir çox ölkələrlə yüksək səviyyəli əməkdaşlığımız qurulub. Ümid edirik ki, Kanada ilə də bu sahədə bizim yaxşı əməkdaşlığımız ola bilər”. Komitə sədri birgə layihələrin həyata keçirilməsinin səmərəli olacağını bildirib.

Kanada Baş nazirinin Avropa İttifaqı və Avropa məsələləri üzrə xüsusi elçisi, səfir Stefan Dion Azərbaycana səfərindən məmnun olduğunu deyib. O, Azərbaycanda gedən inkişaf proseslərini, sosial sahədə əldə edilən uğurları yüksək qiymətləndirib.

Stefan Dion deyib: “Kanadanın Baş naziri Castin Trüdo məni ölkənizə göndərərkən bildirdi ki, Azərbaycanla münasibətlərin daha da gücləndirilməsi vacibdir. Gender bərabərliyi sahəsinə gəldikdə, birgə təşəbbüsləri dəstəkləməyə hazırıq”.

Görüşdə tərəfləri maraqlandıran bir sıra digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.