SİYASƏT
Azərbaycan ilə Kimyəvi Silahların Qadağan Olunması Təşkilatı arasında əməkdaşlıq məsələləri müzakirə edilib
Bakı, 6 sentyabr, AZƏRTAC
Sentyabrın 6-da Kimyəvi Silahların Qadağan Olunması Təşkilatının (KSQT) yeni seçilmiş baş direktoru Fernando Arias ilə Azərbaycan Respublikasının Niderland Krallığındakı müvəqqəti işlər vəkili Cəlal Mirzəyev arasında görüş keçirilib.
Azərbaycanın Niderlanddakı səfirliyindən AZƏRTAC-a bildiriblər ki, görüşdə F.Arias ötən il KSQT-nin baş direktoru seçkiləri zamanı ölkəmizin ona dəstəyini yüksək qiymətləndirdiyini vurğulayıb.
Söhbət zamanı kimyəvi silahların ləğvi ilə bağlı KSQT-nin hazırkı və gələcək fəaliyyəti, Azərbaycanın təşkilatın İcraiyyə Şurasındakı üzvlüyü və 2019-cu ilin ikinci yarısından başlayaraq, ölkəmizin Qoşulmama Hərəkatına sədrliyi, KSQT-nin yeni yaradılacaq laboratoriyası, Azərbaycan ilə bu qurum arasında əməkdaşlığın inkişafı məsələləri ətrafında fikir mübadiləsi aparılıb.