SİYASƏT
Azərbaycan ilə Kolumbiya arasında siyasi dialoqun müsbət inkişafından məmnunluq ifadə edilib
Bakı, 16 iyun, AZƏRTAC
Azərbaycan və Kolumbiya bir-birilərinin ərazi bütövlüyünü, suverenliyini dəstəkləyir və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına qarşılıqlı hörmət edir.
Xarici İşlər Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, bu fikirlər Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun və Kolumbiyanın xarici işlər naziri xanım Mariya Anxela Olqinin birgə mətbuat açıqlamasında yer alıb.
Açıqlamada bildirilir ki, kolumbiyalı nazir ölkəmizə səfəri çərçivəsində Azərbaycanın xarici işlər naziri ilə görüşüb. Görüşdə ikitərəfli münasibətlərin cari statusu nəzərdən keçirilib və siyasi dialoqun müsbət inkişafından məmnunluq ifadə edilib.
Nazirlər Kolumbiya və Azərbaycan arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsi baxımından qarşılıqlı səfərlərin önəmini qeyd ediblər. Daimi diplomatik təmsilçiliyin ikitərəfli əlaqələrimizin inkişaf dinamikasına yeni bir təkan verdiyi vurğulanıb.
E.Məmmədyarov uzun müddətdir ölkədə davam edən münaqişənin sülh yolu ilə nizamlanması münasibətilə Kolumbiya xalqını təbrik edib və əldə edilmiş sülh razılaşmasının ölkənin davamlı inkişafı üçün çoxsaylı imkanlar yaradacağına ümid etdiyini qeyd edib.
Mariya Anxela Olqin Azərbaycanın işğal edilmiş ərazilərindəki vəziyyətin danışıqlar və sülh yolu ilə həllində BMT nizamnaməsinin məqsədlərinə, prinsiplərinə və müddəalarına, beynəlxalq hüququn qaydalarına və BMT-nin Təhlükəsizlik Şurası və Baş Assambleyası tərəfindən qəbul edilmiş qətnamələrə əməl edilməsinin vacibliyini ifadə edib.
Nazirlər iqtisadi-ticarət, təhsil, turizm, kənd-təsərrüfatı, enerji, logistika, sərmayələrin qoyuluşu və humanitar sahələrdə qarşılıqlı faydalı əməkdaşlıq üçün geniş imkanlar olduğunu qeyd ediblər. Təhsil sahəsində əməkdaşlıq çərçivəsində tələbə və tədqiqatçıların mübadiləsi xüsusi olaraq vurğulanıb. İki ölkənin müvafiq diplomatik tədris və təlim müəssisələri arasında əməkdaşlığa toxunan nazirlər Kolumbiya XİN-in dəstəyi ilə Azərbaycan XİN-in əməkdaşları üçün təşkil edilən ispan dili kurslarının rolunu qeyd ediblər.
Tərəflər hazırkı ticarət dövriyyəsinin iki ölkənin potensialını əks etdirmədiyini bildiriblər və ticarət əlaqələrinin inkişaf etdirilməsi üçün iki ölkənin biznes icmaları arasında birbaşa təmasların qurulmasının təşviqi barəsində ortaq mövqelərini bölüşüblər. Nazir Olqinin Azərbaycanın regionlarına (Hacıqabul, Kürdəmir, Göyçay, Zaqatala) fındıq və nar istehsalı sahəsində ikitərəfli əməkdaşlığın gücləndirilməsi məqsədi daşıyan səfəri səmərəli bir layihə kimi Kolumbiyadakı sülh quruculuğuna gələcək töhfə verməsi baxımından vacibdir.
Tərəflər E.Məmmədyarovun bu ilin mayında Kolumbiyaya səfəri zamanı imzalanmış “Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi ilə Kolumbiya Respublikasının Mədəniyyət Nazirliyi arasında mədəniyyət sahəsində əməkdaşlıq haqqında Saziş”in mədəniyyət və turizm sahəsində əməkdaşlığa təkan verəcəyinə əminlik ifadə ediblər. Həmçinin müqavilə-hüquq bazasının genişləndirilməsinə dair fikir mübadiləsi aparıblar.
Nazirlər ikitərəfli münasibətlərin inkişafında parlamentlərarası diplomatiyanın xüsusi rolunu qeyd ediblər və bu xüsusda Azərbaycan-Kolumbiya parlamentlərarası dostluq qrupunun fəaliyyəti təqdir olunub. Nazir Elmar Məmmədyarov bu xüsusda Kolumbiya Senatının II konstitusional daimi komitəsində “Azərbaycan Respublikasının ərazisinin qanunsuz işğal edilməsi” adlı qətnamənin, həmçinin Senatın Xarici Əlaqələr Komissiyası tərəfindən Xocalı soyqırımının 25-ci ildönümü ilə əlaqədar sənədin qəbul edilməsinin yüksək qiymətləndirildiyini diqqətə çatdırıb.
Həmçinin nazirlər beynəlxalq gündəlikdə duran məsələləri müzakirə ediblər, sülh və təhlükəsizliklə beynəlxalq nizamın əsasını təşkil edən beynəlxalq hüququn norma və prinsiplərinə hörmətlərinə dair öhdəliklərini ifadə ediblər.