MƏDƏNİYYƏT
Azərbaycan ilə Malayziya arasında turizm sahəsində əməkdaşlıq haqqında memorandum imzalanıb
Tokio, 17 oktyabr, AZƏRTAC
Kuala-Lumpur şəhərində Azərbaycan Turizm Assosiasiyası ilə Malayziya Turizm Agentlikləri Assosiasiyası arasında turizm sahəsində əməkdaşlıq haqqında memorandum imzalanıb.
AZƏRTAC xəbər verir ki, memorandumu Azərbaycan Turizm Assosiasiyasının idarə heyətinin sədri Nahid Bağırov və Malayziya Turizm Agentlikləri Assosiasiyası sədrinin müavini Akil Yusof imzalayıblar.
Memorandumun imzalanması münasibətilə Malayziya Turizm Mərkəzində təşkil olunan “Turizm sahəsində Azərbaycan-Malayziya Əməkdaşlığı Proqramı” adlı tədbirdə Azərbaycan Turizm Assosiasiyasının nümayəndə heyəti, Malayziya Turizm, İncəsənət və Mədəniyyət Nazirliyinin nəzdindəki Malayziya Turizmin Təşviqi Şurasının və Malayziya Turizm Agentlikləri Assosiasiyasının rəsmiləri, ölkə ictimaiyyətinin, o cümlədən turizm agentliklərinin və kütləvi informasiya vasitələrinin nümayəndələri, eləcə də Azərbaycanın Malayziyadakı səfirliyinin təmsilçisi iştirak ediblər.
Tədbirdə Malayziya Turizmin Təşviqi Şurasının Beynəlxalq təşviq idarəsinin baş direktoru Zulkafli Yahya, Malayziya Turizm Agentlikləri Assosiasiyası sədrinin müavini Akil Yusof, Azərbaycan Turizm Assosiasiyasının idarə heyətinin sədri Nahid Bağırov çıxış ediblər.
Malayziyada turizm sektorunun ölkənin valyuta gəlirində payına görə ikinci, ümumi milli gəlirdə payına görə isə üçüncü yerdə olduğu diqqətə çatdırılıb. 2017-ci ildə Malayziyaya səfər edən xarici turistlərin sayının 2010-cu illə müqayisədə 5,3 faiz artaraq 25,9 milyon nəfərə çatdığı, göstərilən dövrdə turizm sahəsindən gəlirin 45,5 faiz artaraq 21,14 milyard ABŞ dollarına yüksəldiyi qeyd edilib.
2017-ci ildə Azərbaycandan Malayziyaya səfər edən turistlərin sayının 2016-cı illə müqayisədə 12,1 faiz artaraq 1035 nəfərə çatdığı, bu göstəricinin 2018-ci ilin yanvar-aprel aylarında 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 18,8 faiz artaraq 448 nəfər təşkil etdiyi bildirilib.
Azərbaycanla Malayziya arasında turizm sahəsində qarşılıqlı faydalı əməkdaşlığın inkişaf etdirilməsi üçün geniş imkanların olduğu qeyd edilərək, bu istiqamətdə birgə səylərin davam etdirilməsinin vacibliyi vurğulanıb.
Sonra Azərbaycan Turizm Assosiasiyası ilə Malayziya Turizm Agentlikləri Assosiasiyası arasında turizm sahəsində əməkdaşlıq haqqında memorandumun imzalanması mərasimi keçirilib və KİV nümayəndələrinin sualları cavablandırılıb.
Həmin gün Azərbaycan Turizm Assosiasiyasının nümayəndə heyəti Azərbaycanın Malayziyadakı səfirliyində də olub.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio