SİYASƏT
Azərbaycan ilə Mərakeş arasında hərbi sahədə əməkdaşlıq məsələləri müzakirə olunub
Rabat, 24 fevral, AZƏRTAC
Azərbaycan Respublikasının Mərakeş Krallığındakı səfiri Oktay Qurbanov Mərakeş Krallığının Baş Naziri yanında Milli Müdafiə üzrə nazir - nümayəndə Abdellatif Ludiyi ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, söhbət zamanı səfir Oktay Qurbanov Azərbaycan ilə Mərakeş arasında dostluq və əməkdaşlıq əlaqələrinin səviyyəsindən məmnunluğunu ifadə edib. Diplomat, həmçinin nazirə Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü və onun nəticələri Xocalı soyqırımının həqiqətləri, bəşəriyyətə qarşı törədilmiş bu cinayətin dünyanın bir sıra ölkələri tərəfindən tanınması barədə ətraflı məlumat verib.
Səfir Mərakeş tərəfindən beynəlxalq təşkilatlarda, xüsusi ilə İslam Əməkdaşlığı Təşkilatı çərçivəsində ölkəmizin ədalətli mövqeyinin daim dəstəklənildiyinə görə minnətdarlığını bildirib.
Görüşdə diplomat ən müasir hərbi texnikanın, silah-sursatın istehsalına qadir olan Azərbaycanda son illər ərzində hərbi sənaye kompleksinin inkişafı sahəsində görülən işlərdən, habelə əldə olunmuş nailiyyətlərdən, o cümlədən IV Azərbaycan Beynəlxalq Müdafiə Sərgisindən (ADEX) bəhs edib.
Tərəflər Azərbaycan ilə Mərakeş arasında hərbi sahədə əməkdaşlıq üçün böyük potensialın olduğunu qeyd edib, bu əməkdaşlığın inkişafı üçün səylərin artırılmasının vacibliyini vurğulayıblar.
Görüşdə hərbi sahədə əməkdaşlığın perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.
Nigar Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Rabat