İQTİSADİYYAT
Azərbaycan ilə Moldova arasında ticarət dövriyyəsi 4 dəfə artıb
Bakı, 11 oktyabr, AZƏRTAC
Azərbaycan ilə Moldova arasında ticarət dövriyyəsi ötən ilin eyni dövrü ilə müqayisədə 4 dəfə artaraq bu ilin yanvar-avqust aylarında 13,5 milyon ABŞ dollarına çatıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Moldovanın Baş naziri Nataliya Qavrilitsanın işgüzar dairələrin nümayəndələri ilə görüşündə iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov deyib.
O qeyd edib ki, cari ildə Azərbaycandan Moldovaya ixracın həcmi ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 13 dəfə artıb. 1995-ci ildən 2021-ci ilədək Azərbaycandan Moldovaya qeyri-neft sektoruna qoyulan investisiyaların həcmi 9,7 milyon ABŞ dolları, Moldovadan Azərbaycana yatırılan investisiyanın məbləği isə 3,8 milyon ABŞ dolları təşkil edib. Azərbaycanda 24 Moldova şirkəti qeydiyyatdan keçib ki, bu şirkətlər əsasən ticarət, nəqliyyat, kənd təsərrüfatı və xidmət sektorlarında fəaliyyət göstərir.