SİYASƏT


Azərbaycan ilə Özbəkistan parlamentləri arasında əməkdaşlığın genişləndirilməsi ətrafında fikir mübadiləsi aparılıb

Bakı, 3 mart, AZƏRTAC

Martın 3-də Milli Məclis sədrinin müavini, parlamentin gənclər və idman komitəsinin sədri Adil Əliyev Özbəkistanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Bahrom Aşrafxanovla görüşüb.

Milli Məclisin mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, qonağı salamlayan sədr müavini bildirib ki, ölkələrimiz arasındakı münasibətlər qədim köklərə malikdir. İki ölkə arasındakı əlaqələrin inkişafında dövlət başçılarının rolundan danışan vitse-spiker belə yüksəksəviyyəli səfərlər zamanı bir sıra mühüm ikitərəfli sənədlərin imzalandığını diqqətə çatdırıb.

Adil Əliyev səfirə ölkəmizə təyin olunduğu 2020-ci ilin Azərbaycan tarixinə Zəfər ili kimi düşdüyünü, bu tarixə qədər Ermənistanın torpaqlarımızı 30 ilə yaxın müddətdə işğal altında saxladığını, bir milyondan çox həmvətənimizin məcburi köçkün kimi öz yurd-yuvasından ayrı düşdüyünü xatırladıb. Bildirib ki, bu işğal faktı regionda sülhün və sabitliyin yaranmasının qarşısında əsas əngəl idi. 2020-ci il sentyabrın 27-də isə təmas xəttində düşmən növbəti dəfə təxribat törədərək, mülki əhalinin yaşadığı əraziləri atəşə tutdu, nəticədə Azərbaycan Ordusunun əks-hücum əməliyyatı ilə düşmənə sarsıdıcı zərbə vuruldu və Ermənistan məğlubiyyətə uğradıldı. Bununla da 30 ildən sonra BMT Təhlükəsizlik Şurasının qətnamələri icra edildi, ölkəmizin ərazi bütövlüyü bərpa olundu. Ümid edirik ki, Ermənistan bundan sonra təcavüz siyasətindən əl çəkəcək və regionda sülh bərqərar olacaq.

Səmimi görüşə görə minnətdarlığını bildirən Özbəkistanın Azərbaycandakı səfiri Bahrom Aşrafxanov ölkəmizdə müşahidə edilən hərtərəfli inkişafın təqdirəlayiq olduğunu deyib. Azərbaycanın ölkədə fəaliyyət göstərən diplomatik nümayəndəliklərin üzvləri üçün Ağdam və işğaldan azad edilmiş digər rayonlara təşkil etdiyi səfərlərdən danışan səfir diqqətə çatdırıb ki, o, həmin səfərlər zamanı Ağdam və işğaldan azad edilmiş digər ərazilərdə ermənilər tərəfindən tarixi abidələrə qarşı törədilmiş terroru, mədəni abidələrin dağıdılmasını şiddətlə qınayıb. Səfir diplomatik fəaliyyəti dövründə ölkələrimiz arasındakı münasibətlərin inkişafı istiqamətində səylərini əsirgəməyəcəyini diqqətə çatdırıb.

Görüşdə ölkələrimiz arasında əlaqələrin inkişafından məmnunluq bildirilib, parlamentlərarası əməkdaşlığın genişləndirilməsi və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.