SİYASƏT
Azərbaycan ilə Pakistan arasında əlaqələrin genişləndirilməsi məsələləri müzakirə edilib
İslamabad, 13 fevral, АZƏRTAC
Azərbaycanın Pakistandakı səfiri Əli Əlizadə bu ölkənin Pəncab əyalətinin qubernatoru Malik Rafiq Rəcvana ilə görüşüb.
Görüşdə Azərbaycan ilə Pakistan arasında mövcud qarşılıqlı əlaqələrin inkişafından məmnunluq ifadə olunub. Həmçinin Pəncab əyalətinin Multan şəhəri ilə Azərbaycanın Gəncə şəhəri arasında vaxtilə imzalanmış protokola əsasən yaradılmış qardaşlaşmış şəhər münasibətlərinin daha da inkişaf etdirilməsi istiqamətində səylərin artırılmasının zəruriliyi vurğulanıb. Azərbaycanın digər şəhərləri ilə Pəncab əyalətinin Lahor şəhəri arasında da yaxın əlaqələrin yaradılması imkanları müzakirə olunub.
M.R.Rəcvana vurğulayıb ki, Azərbaycan Pakistan üçün ən yaxın ölkələrdən biridir və Pəncab əyaləti də bu əlaqələrin inkişafına hər zaman töhfə verməyə hazırdır.
Qubernator iqtisadiyyat, mədəniyyət və turizm sahələrində əlaqələrin daha da genişləndirilməsi, Azərbaycandan Pakistanın Lahor və digər şəhərlərinə birbaşa təyyarə reyslərinin açılmasının əhəmiyyətini qeyd edib.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
İslamabad