CƏMİYYƏT
Azərbaycan ilə Pakistan arasında hərbi-texniki və təhlükəsizlik sahələrində əməkdaşlığın perspektivləri müzakirə edilib
Bakı, 5 mart, AZƏRTAC
Martın 5-də Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi general-polkovnik Elçin Quliyev ölkəmizdə rəsmi səfərdə olan Pakistan İslam Respublikasının Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Nadim Razanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
DSX-nin mətbuat mərkəzindən AZƏRTAC-a bildiriblər ki, görüşdə Azərbaycan və Pakistan arasında dostluq və strateji tərəfdaşlıq münasibətlərinin səviyyəsindən məmnunluq ifadə olunub, hərbi-texniki və təhlükəsizlik sahələrində ikitərəfli əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparılıb.
Söhbət zamanı Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində qazanılmış parlaq Qələbə sayəsində 30 ilə yaxın müddətdə milli və sərhəd təhlükəsizliyinə əsas təhdid olmuş ölkə ərazisinin 20 faizinin və dövlət sərhədlərinin bir hissəsinin Ermənistan tərəfindən işğalına son qoyulduğu barədə məlumat verilib. Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda haqq işində Pakistanın dəstəyinin yüksək qiymətləndirildiyi vurğulanıb.
Görüşdə regionda cərəyan edən hadisələr, sərhəd təhlükəsizliyinə olan çağırışlar ətrafında fikir mübadiləsi aparılıb.
Tərəflər qarşılıqlı əməkdaşlığın uğurlu inkişafı istiqamətində birgə fəaliyyətlərin davam etdirilməsinin vacibliyini vurğulayıblar.