SİYASƏT


Azərbaycan ilə Pakistan arasında müdafiə sahəsində əməkdaşlıq əlaqələri müzakirə olunub

İslamabad, 23 sentyabr, AZƏRTAC

Azərbaycanın Pakistandakı səfiri Xəzər Fərhadov bu ölkənin müdafiə istehsalı naziri, Azərbaycan-Pakistan Hökumətlərarası Birgə Əməkdaşlıq Komissiyasının həmsədri Zubeyda Cəlal ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, Azərbaycan-Pakistan münasibətlərindən söz açan səfir bu münasibətlərin yüksək səviyyədə olmasında hər iki ölkə rəhbərliyinin rolunu xüsusi vurğulayıb. X.Fərhadov ölkələrimiz arasında fəaliyyət göstərən Hökumətlərarası Birgə Əməkdaşlıq Komissiyasının əhəmiyyətindən bəhs edərək bu komissiyanın iclasının bu ilin sonuna kimi keçirilməsinin razılaşdırıldığını bildirib.

Diplomat Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Azərbaycan-Pakistan yüksək səviyyəli siyasi əlaqələrinə uyğun olaraq iki ölkə arasında bütün sahələrdə, xüsusilə iqtisadi-ticarət sahəsində münasibətlərin inkişaf etdiriməsinə dair müvafiq tapşırıqlar verdiyini söyləyib, bu istiqamətdə görülmüş işlər və çoxsaylı potensial layihələr haqqında xanım naziri məlumatlandırıb.

X.Fərhadov Komissiya çərçivəsində Azərbaycanın və Pakistanın müvafiq qurumları arasında enerji, nəqliyyat, təhsil, səhiyyə və informasiya texnologiyaları sahələrində işçi qruplarının yaradılmasının iki ölkə arasında əməkdaşlığın daha da inkişafına töhfə verəcəyini diqqətə çatdırıb.

Zubeyda Cəlal səfir Xəzər Fərhadovu təyinatı münasibətilə təbrik edib və ona yeni fəaliyyətində uğurlar arzulayıb. Xanım nazir Azərbaycan və Pakistan arasındakı münasibətlərin cari vəziyyətinin yüksək olmasından məmnunluğunu ifadə edib. O, Pakistanın Baş naziri İmran Xanın Azərbaycanla əlaqələrə xüsusi diqqət yetirilməsi ilə bağlı təlimatını aldığını vurğulayaraq iki qardaş ölkə arasında münasibətlərin daha da gücləndirilməsi üçün lazımi işlərin aparılacağını əminliklə bildirib.

Komissiya çərçivəsində Azərbaycanın və Pakistanın müvafiq qurumları arasında enerji, nəqliyyat, təhsil, səhiyyə və informasiya texnologiyaları sahələrində işçi qruplarının yaradılması təklifini dəstəkləyən xanım nazir iki ölkə arasında potensial əməkdaşlıq sahələrindən bəhs edərək müdafiə sənayesi sahəsi üzrə əməkdaşlıq imkanları barədə məlumatları da diqqətə çatdırıb.

Görüşdə, həmçinin Azərbaycan-Pakistan-Türkiyə üçtərəfli əməkdaşlıq formatının gücləndirilməsinin əhəmiyyəti barədə də fikir mübadiləsi aparılıb.

 

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

İslamabad

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.