SİYASƏT


Azərbaycan ilə Pakistan arasında müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsi yolları müzakirə edilib

İslamabad, 18 aprel, AZƏRTAC

Azərbaycanın Pakistandakı səfiri Əli Əlizadə bu ölkənin federal təhsil və peşəkar təlim, milli tarix və ədəbi irs üzrə federal naziri Şəfqət Mahmud ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, görüşdə ortaq dəyərlərə malik Azərbaycan və Pakistanın təlim-təhsil, eləcə də milli irs sahələrində əməkdaşlıq etdikləri, beynəlxalq və regional təşkilatlar çərçivəsində hər zaman bir-birlərini dəstəklədikləri vurğulanıb, birgə layihələrin və qarşılıqlı səfərlərin artırılmasının önəmi qeyd edilib.

Şəfqət Mahmud Azərbaycana səfərini xatırladaraq ölkəmizin sürətlə inkişaf etdiyini vurğulayıb. O, Azərbaycan ilə dostluq və qardaşlıq əlaqələrinin daha da inkişafının, ölkələrimiz arasında mövcud etimadın davam etdirilməsinin önəmli olduğunu bildirib.

Səfir müasir Azərbaycanın artıq 30 ildən artıqdır ki, Ermənistanın təcavüzkar siyasəti ilə üzləşdiyini, Dağlıq Qarabağ və ətraf regionlarının işğal olunduğunu, lakin qarşılaşdığı bu təcavüz və çətinliklərə baxmayaraq, bütün sahələr üzrə inkişaf etdiyini, Azərbaycanda təhsilin səviyyəsinin ilbəil yüksəldiyini, savadlılığın 99 faiz olduğunu diqqətə çatdırıb.

Əli Əlizadə Bakı Dövlət Universitetində urdu dilinin tədrisi, universitetlərarası əlaqələr, son iki ildə “Mən Azərbaycan haqqında nə bilirəm” esse yazı müsabiqəsi çərçivəsində Pakistan gəncləri üçün Azərbaycana təşkil olunan səyahət, ölkədə təhsil alan pakistanlı tələbələrin sayının artması, eyni zamanda, Azərbaycandan da tələbələrin Pakistan universitetlərində təhsil almaqda maraqlı olduqları, tələbə və mütəxəssislərin ali təhsil və təlim müəssisələrində vaxtaşırı qarşılıqlı təcrübə kurslarına cəlb olunması haqda məlumat verib, Pakistanla əlaqələrdə bu sahədə səylərin daha da artırılacağını vurğulayıb.

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

İslamabad

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.