İQTİSADİYYAT
Azərbaycan ilə Polşa milli statistika orqanları əməkdaşlığı genişləndirir
Bakı, 4 oktyabr, AZƏRTAC
Azərbaycan və Polşa milli statistika orqanları arasında əməkdaşlıq genişləndirilir.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 14 fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş “2018-2025-ci illərdə Azərbaycan Respublikasında rəsmi statistikanın inkişafına dair Dövlət Proqramı”nın icrası məqsədilə müəssisələr statistikasının təşkili və inkişafı sahəsində qabaqcıl beynəlxalq təcrübələrin öyrənilməsi üçün Statistika Komitəsi aparatının statistika işlərinin əlaqələndirilməsi və strateji planlaşdırma şöbəsinin müdiri Qasım Əliyev, milli hesablar və makroiqtisadi göstəricilər statistikası şöbəsinin müdiri Nuru Süleymanov oktyabrın 2-5-də Polşa Respublikasının Mərkəzi Statistika İdarəsində işgüzar görüşlər keçirirlər. Səfər çərçivəsində biznes reyestrinin aparılması, müəssisələr statistikası üzrə statistik müayinələrin təşkili, məlumatların toplanması, işlənməsi, statistik vahidlərin məlumat bazasının formalaşdırılması, həmçinin qısamüddətli və struktur biznes statistikası sahəsində işlərin əlaqələndirilməsi ilə bağlı məsələlər müzakirə olunur.
Müzakirələrdə Polşa Mərkəzi Statistika İdarəsinin mütəxəssisləri ilə yanaşı Poznan və Lublin regional statistika idarələrinin nümayəndələri də iştirak edir.
Səfərin nəticəsi olaraq qazanılan təcrübədən Azərbaycanda müəssisələr statistikasının yeni inkişaf istiqamətlərinin müəyyən edilməsində istifadə ediləcəyi planlaşdırılır.