SİYASƏT
Azərbaycan ilə Qazaxıstan arasında qarşılıqlı münasibətlər həmişə yüksək səviyyədə olub VİDEO
Bakı, 4 aprel, AZƏRTAC
Aprelin 4-də “Sputnik Azərbaycan” portalının Multimedia mətbuat mərkəzində Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin ölkəmizə səfərinə həsr edilmiş Astana-Bakı videokörpüsü olub. Azərbaycanı videokörpüdə politoloq, Qərb Universitetinin professoru Fikrət Sadıxov təmsil edib. Qazaxıstan tərəfindən “Nur Otan” Partiyasının İctimai Siyasət İnstitutunun direktorunun müavini Vladimir Telnov iştirak edib.
Fikrət Sadıxov deyib ki, bu səfər imzalanmış müqavilə və sazişlər baxımından yetərincə dolğun və gözlənilən səfər idi. Politoloq qeyd edib ki, Qazaxıstan Respublikası ilə Azərbaycan Respublikası arasında dostluq əlaqələrinin və əməkdaşlığın inkişafında xüsusi xidmətlərinə görə Qazaxıstan Respublikasının Prezidenti Nursultan Nazarbayev “Heydər Əliyev” ordeni ilə təltif edilib.
F.Sadıxov onu da bildirib ki, səfər zamanı təkcə ikitərəfli əməkdaşlığın mühüm məsələləri deyil, həm də regional təhlükəsizlik, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması və müxtəlif sahələrdə əməkdaşlığın perspektivləri ilə bağlı aktual problemlər müzakirə edilib.
Politoloq vurğulayıb ki, bütün imzalanmış sənədlər böyük əhəmiyyət və dəyər kəsb edir, dövlətlərimizin maraqlarına cavab verir.
Bu səfərdən və danışıqlardan sonra siyasət, iqtisadiyyat, mədəniyyət və s. sahələrdə ölkələrimiz arasında münasibətlər daha böyük məzmun kəsb edəcək.
Videokörpü zamanı Qazaxıstan Prezidentinin Bakıya səfəri zamanı əldə edilmiş razılaşmaların ikitərəfli münasibətlərin gələcək inkişafına necə təsir göstərəcəyi də müzakirə edilib.