SİYASƏT
Azərbaycan ilə Qətərin prokurorluq orqanları arasında əməkdaşlığın perspektivləri müzakirə olunub
Bakı, 28 yanvar, AZƏRTAC
Azərbaycan Respublikasının Qətər Dövlətindəki səfiri Rəşad İsmayılov bu ölkənin Baş prokuroru Əli bin Futeys Əl-Mərri ilə görüşüb.
Azərbaycanın Qətərdəki səfirliyindən AZƏRTAC-a bildiriblər ki, görüşdə iki ölkənin prokurorluq və istintaq orqanları arasında əməkdaşlığın perspektivləri, həmçinin qarşılıqlı maraq kəsb edən mövzular müzakirə edilib.
Səfir Rəşad İsmayılov Azərbaycan ilə Qətər arasında əlaqələrin yüksək səviyyədə olduğunu diqqətə çatdırıb, ikitərəfli əlaqələrin dinamik inkişaf etdiyini bildirib. O, ölkəmizin Qətərlə münasibətlərə böyük önəm verdiyini, bu əlaqələrin hərtərəfli genişləndirilməsi və möhkəmləndirilməsində maraqlı olduğunu vurğulayıb.
Görüşdə iki ölkənin istintaq və prokurorluq orqanları arasında əməkdaşlığın inkişaf perspektivləri barədə fikir mübadiləsi aparılıb.