SİYASƏT
Azərbaycan ilə Qırğızıstan arasında son vaxtlar bütün sahələrdə əməkdaşlıq inkişaf edir
Bişkek, 1 iyul, AZƏRTAC
Azərbaycan ilə Qırğızıstan arasında son vaxtlar bütün sahələrdə, xüsusilə humanitar sahədə əməkdaşlıq uğurla inkişaf edir. Son üç il ərzində həm Bişkekdə, həm Bakıda çoxlu mühüm tədbirlər keçirilib, Azərbaycan həqiqətlərinin Qırğızıstanda, Qırğızıstan haqqında məlumatların isə Azərbaycanda daha yaxından tanıdılması üçün səmərəli iş aparılıb. Ölkələrimiz beynəlxalq təşkilatlar çərçivəsində də sıx əməkdaşlıq edirlər.
Bu fikirləri Azərbaycanın Qırğızıstandakı səfiri Hidayət Orucov bu ölkənin xarici işlər naziri Erlan Abdıldayev ilə görüşdə bildirib.
Səfir iki ölkə arasında münasibətlərin inkişafının dövlət başçılarımızın maraq dairəsində olduğunu vurğulayıb.
Görüşdə 2017-ci ilin yazında Azərbaycanın Qırğızıstanda, payız aylarında isə Qırğızıstanın Azərbaycanda mədəniyyət günlərinin keçirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb və bu haqda razılıq əldə edilib. Səfir qeyd edib ki, 2016-cı ildə Şərqin böyük şairi və mütəfəkkiri Yusif Balasaqunun 1000 illik yubileyi Azərbaycanda da keçiriləcək.
Nazir Erlan Abdıldayev isə qeyd edib ki, Azərbaycan və Qırğızıstan xalqları qardaş xalqlardır, ölkələrimiz arasında münasibətlər daim inkişaf edir. O, 2016-cı il sentyabr ayının 3-dən-10-dək İssık-Kulda keçiriləcək II Dünya Köçərilər Oyunları haqqında da məlumat verib.
Səfir Hidayət Orucov deyib ki, Azərbaycan II Dünya Köçəri Oyunlarında böyük nümayəndə heyəti ilə iştirak edəcək.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Bişkek