SİYASƏT
Azərbaycan ilə Rusiya arasında etimada əsaslanan münasibətlərin inkişafında mətbuatın rolu əvəzsizdir VİDEO
Bakı, 11 mart, Tamilla Nuriyeva, AZƏRTAC
Yaşadığımız mürəkkəb dövrdə, dözümsüzlüyün, ksenofobiyanın, hamıya və hər şeyə qərəzli münasibət hallarının baş alıb getdiyi bir vaxtda xalqlar, o cümlədən Azərbaycan və Rusiya cəmiyyətləri arasında etimada əsaslanan münasibətlərin inkişafında mətbuatın rolu durmadan artır.
Bu fikir Rusiya Federasiyası Dövlət Dumasının deputatı, Rusiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Dmitri Savelyevin, Rusiya-Azərbaycan Dostluq Mərkəzinin (RADM) direktoru Nataliya Krasovskayanın və bu qurumun mətbuat xidmətinin rəhbəri Qalina Gerasimovanın iştirakı ilə AZƏRTAC-da keçirilmiş görüşün leytmotivi olub.
Baş direktor Aslan Aslanov bir sıra beynəlxalq və regional informasiya qurumlarının fəal üzvü olan AZƏRTAC-ın fəaliyyəti barədə qonaqlara məlumat verib. Diqqətə çatdırılıb ki, fasiləsiz rejimdə çalışan agentlik 7 dildə informasiya, 5 dildə videoreportaj və infoqrafika məhsulları hazırlayıb yayır.
Azərbaycan ilə Rusiya arasında mehriban qonşuluq, həqiqi dostluq münasibətlərinin möhkəmlənməsində AZƏRTAC-ın və Rusiyanın TASS agentliyinin rolunu qeyd edən A.Aslanov deyib ki, agentliklərimiz ölkələrimiz haqqında dürüst, obyektiv, cəmiyyətlərimizi yaxınlaşdıran məqamlar barədə informasiyaların yayılmasına üstünlük verir.
Dmitri Savelyev IV Qlobal Bakı Forumunda iştirakı barədə təəssüratlarını bölüşüb, Forumun çox yüksək səviyyədə təşkil olunduğunu qeyd edib. Rusiya Dövlət Dumasının deputatı deyib ki, son illərdə Bakı müasir dövrün ən aktual məsələlərinin müzakirə edildiyi məkana çevrilib. Önəmli cəhət odur ki, bu müzakirələrə sabah planetin taleyini həll edəcək gənclər cəlb olunur. O, Rusiyanın Azərbaycana marağının getdikcə artdığını qeyd edib, Odlar Yurdunun turizm imkanlarını xüsusi qeyd edib.
Nataliya Krasovskaya birinci Avropa Oyunlarının Azərbaycanı dünyada daha da populyarlaşdırdığını bildirib, Azərbaycanın birinci xanımı, ilk Avropa Oyunlarının Təşkilat Komitəsinin rəhbəri Mehriban Əliyevanın Oyunların uğurla keçirilməsində əvəzsiz rolunu vurğulayıb. N.Krasovskaya deyib ki, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Moskvada filialı açılacaq və filialın rəhbəri vəzifəsinə o təyin edilib.
Bu təyinat münasibətilə Nataliya Krasovskayanı təbrik edən AZƏRTAC-ın baş direktoru filiala multikultural dəyərlərin möhkəmlənməsi işində uğurlar arzulayıb.
Sonda qonaqlara AZƏRTAC haqqında kitablar hədiyyə edilib.