MƏDƏNİYYƏT


Azərbaycan ilə Rusiya arasında mədəniyyət sahəsində əlaqələr müzakirə olunub

Bakı, 17 noyabr, AZƏRTAC

Sankt-Peterburqda keçirilən VIII Beynəlxalq Mədəniyyət Forumu çərçivəsində Azərbaycanın Mədəniyyət nazirinin müavini Sevda Məmmədəliyeva ilə Rusiyanın Mədəniyyət nazirinin müavini Pavel Stepanov arasında görüş olub.

Nazirlikdən AZƏRTAC-a bildiriblər ki, Rusiya Mədəniyyət Nazirliyinin və Dövlət Kinofilm Fondunun rəsmiləri, Azərbaycan nümayəndə heyətinin üzvləri və ölkəmizin Sankt-Peterburqdakı baş konsulluğunun əməkdaşları görüşdə iştirak ediblər.

Görüşdə ölkələrimiz arasında mədəniyyət sahəsində əməkdaşlığın inkişaf səviyyəsindən danışan Rusiya Mədəniyyət nazirinin müavini Pavel Stepanov Azərbaycan nümayəndə heyətinin səfəri münasibətilə dahi bəstəkar Üzeyir Hacıbəylinin eyni adlı əsərinin motivləri əsasında çəkilmiş və Rusiya Dövlət Film Fondunun arxivində saxlanılan “Arşın mal alan” filminin müasir kino texnologiyaları vasitəsilə təmizlənmiş və rus dilində olan versiyasını diqqətə çatdırmaqdan şərəf duyduğunu bildirib.

Nazir müavini Sevda Məmmədəliyeva, öz növbəsində rusiyalı həmkarına minnətdarlığını ifadə edib, Azərbaycan ilə Rusiya arasında çoxşaxəli mədəni əlaqələrin tarixindən, bugünkü inkişafından və əməkdaşlığın perspektivlərindən danışıb. O, Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettası əsasında çəkilmiş filmin qısa tarixi haqqında məlumat verib və onun dünya kino sənətinə böyük töhfə verdiyini xüsusi qeyd edib.

Sonra Azərbaycan nümayəndə heyətinin VIII Sankt-Peterburq Beynəlxalq Mədəniyyət Forumunda məhsuldar işi, fəal iştirakı, həmçinin teatr sahəsində gələcək əməkdaşlığın inkişaf etdirilməsi məqsədilə ölkəmizin Mədəniyyət Nazirliyinə Rusiya teatr tamaşalarının yazılarının hədiyyə edilməsi haqqında protokol imzalanıb.

Daha sonra Rusiya Federasiyasının Mədəniyyət nazirinin müavini Pavel Stepanov Azərbaycan Mədəniyyət Nazirliyinə Rusiya teatr tamaşalarının yazıları ilə yanaşı, “Arşın mal alan” filminin ilk afişasının surətini hədiyyə edib.

Sonda kinostudiyada yenilənmiş “Arşın mal alan” filminin nümayişi olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.