MƏDƏNİYYƏT


Azərbaycan ilə Rusiya arasında mədəniyyət sahəsindəki əməkdaşlıq əlaqələri inkişaf edir

Bakı, 11 oktyabr, AZƏRTAC

Oktyabrın 11-də Mədəniyyət naziri Əbülfəs Qarayev ölkəmizdə səfərdə olan Rusiyanın Mədəniyyət nazirinin müşaviri Mixail Kojemyakinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, görüşdə Rusiya Federasiyasının Tatarıstan Respublikası Mədəniyyət nazirinin birinci müavini Yuliya Adqamova, Dağıstan Respublikası Xalq Yaradıcılıq Evinin direktoru Mariyan Muqatova və Başqırdıstan Respublikası Mədəniyyət nazirinin birinci müavini Nataliya Lapşına iştirak edib.

Əbülfəs Qarayev qonaqları salamlayaraq Azərbaycanın və Rusiyanın mədəniyyət sahəsindəki əlaqələrinin inkişafından məmnunluğunu ifadə edib. Diqqətə çatdırıb ki, Azərbaycan dünyanın müxtəlif ölkələri ilə mədəniyyət sahəsində uğurla əməkdaşlıq edir, teatr, musiqi, rəssamlıq və digər sahələrdə təcrübə mübadiləsi həyata keçirilir.

Nazir ölkəmizin zəngin mədəniyyəti, mədəni irs nümunələri haqqında qonaqlara məlumat verib. Bildirib ki, mədəni irsin qorunması və təbliğində beynəlxalq əlaqələrə və mütərəqqi təcrübəyə xüsusi önəm verilir.

Əbülfəs Qarayev bu ilin yayında UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının Bakıda yüksək səviyyədə keçirildiyini xatırladıb. Vurğulayıb ki, bu sessiyada Şəki şəhərinin tarixi mərkəzi ilə birgə Şəki Xan sarayının təşkilatın Dünya İrs Siyahısına salınması ölkəmizin zəngin mədəni irsə sahib olmasının daha bir əyani sübutudur.

Rusiyanın Mədəniyyət nazirinin müşaviri Mixail Kojemyakin səmimi qəbula görə nazirə minnətdarlığını bildirib. O, Rusiya ilə Azərbaycan arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurla inkişaf etdiyini qeyd edib, əlaqələrin genişlənməsindən məmnunluğunu bildirib. Qonaq Azərbaycanla mədəniyyət sahəsində daha sıx münasibətlərin qurulmasında, mədəniyyət kollektivlərinin qarşılıqlı səfərlərinin təşkil olunmasında maraqlı olduqlarını diqqətə çatdırıb. Bu istiqamətdə Azərbaycanla mədəni əlaqələrin genişlənməsi və gələcəkdə birgə layihələrin həyata keçirilməsinin vacibliyi vurğulanıb.

Sonra qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.