CƏMİYYƏT


Azərbaycan ilə Rusiya arasında sərhəd nəzarətinin daha da gücləndirilməsinə dair müzakirələr aparılıb

Bakı, 28 noyabr, AZƏRTAC 

Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti (DSX) ilə Rusiya Federasiyasının Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidməti arasında 2018-2019-cu illər üçün Tədbirlər Planına uyğun olaraq müvafiq fəaliyyətlər uğurla davam etdirilir.

DSX-nin mətbuat mərkəzindən AZƏRTAC-a bildiriblər ki, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin Sərhəd Nəzarətinin rəisi, general-mayor A.Xəlilovun dəvəti ilə Rusiya Federasiyası Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidməti rəisinin müavini - Sərhəd Nəzarəti Departamentinin rəisi, general-polkovnik İqor Şmotkinin rəhbərlik etdiyi nümayəndə heyəti noyabrın 27-də Azərbaycana səfərə gəlib.

Noyabrın 28-də Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev Rusiya nümayəndə heyəti ilə görüşüb.

Görüşdə ikitərəfli əlaqələrin vəziyyəti və perspektivlərinə dair fikir mübadiləsi aparılıb, dövlət sərhədindən buraxılış məntəqələrində şəxslər, nəqliyyat vasitələri və yüklər üzərində etibarlı sərhəd nəzarətinin təşkilinin, transsərhəd cinayətkarlığın təzahürləri olan qaçaqmalçılığa və qanunsuz miqrasiyaya qarşı mübarizə sahəsində əməkdaşlığın və qarşılıqlı əlaqələndirmənin davam etdirilməsinin, təcrübə və məlumat mübadiləsinin əhəmiyyəti vurğulanıb.

Azərbaycan Respublikası Hökuməti və Rusiya Federasiyası Hökuməti arasında imzalanmış Sazişə uyğun olaraq, Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi kimi irimiqyaslı infrastruktur layihəsinin həyata keçirilməsi üçün mühüm əhəmiyyət kəsb edən Samur çayı üzərindən yeni avtomobil körpüsünün tikintisinin aparıldığı ərazidə sərhəd qurumları tərəfindən etibarlı sərhəd nəzarətinin təmin olunması məsələləri üzrə qarşılıqlı əlaqələndirmənin yüksək səviyyədə olması qeyd edilib. Həmçinin dövlət sərhədindən buraxılış məntəqələrində şəxslər və nəqliyyat vasitələri üzərində sərhəd nəzarətinin təkmilləşdirilməsinin, vətəndaşların dövlət sərhədindən keçmə prosedurlarının daha da sadələşdirilməsi ilə yanaşı, sərhəd təhlükəsizliyinin gücləndirilməsinin vacibliyi vurğulanıb.

Səfər çərçivəsində qonaqlar Heydər Əliyev Beynəlxalq Aeroportunda, Bakı Beynəlxalq Dəniz Ticarət Limanında sərhəd nəzarətinin təşkili və xüsusiyyətləri ilə tanış olub, sərhəd nəzarəti bölmələrinin xidməti-döyüş fəaliyyətinin müasir tələblərə uyğun aparılması məqsədilə tətbiq olunan qabaqcıl sistemləri və texniki vasitələri nəzərdən keçiriblər.

Azərbaycan və Rusiya nümayəndələri müsbət təcrübə mübadiləsi aparıb, əlaqələrin perspektivlərini müzakirə edib və sərhəd nəzarəti bölmələri arasında praktiki əməkdaşlıq tədbirlərinin davam etdirilməsinə dair razılığa gəliblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.