İQTİSADİYYAT
Azərbaycan ilə Rusiya dəmir yolları arasında memorandum imzalanıb
Bakı, 6 may, Elvin Camalov, AZƏRTAC
Mayın 6-da “Azərbaycan Dəmir Yolları” QSC-də “Rusiya Dəmir Yolları” Açıq Səhmdar Cəmiyyətinin Baş direktoru və idarə heyətinin sədri Oleq Belozyorovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.
AZƏRTAC xəbər verir ki, görüş iştirakçıları əvvəlcə Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyublar.
Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə gül dəstələri düzülüb.
Görüşdə “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov ölkəmizin nəqliyyat-logistika imkanları, beynəlxalq nəqliyyat dəhlizləri barədə məlumat verib. “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizindən danışan QSC sədri bildirib ki, bu dəhliz yalnız İran, Azərbaycan və Rusiyanın deyil, bu marşrut ilə ixrac-idxal əməliyyatlarını həyata keçirərək ticarət dövriyyəsini artıran digər region ölkələrinin də inkişafında əhəmiyyətli rol oynayacaq, ölkələrimizin iqtisadi-ticarət əlaqələrini genişləndirəcək.
Sonra ikitərəfli əməkdaşlıq əlaqələrinin daha da genişləndirilməsi istiqamətində müzakirələr aparılıb.
Görüşün sonunda Azərbaycan və Rusiya dəmir yolları arasında əməkdaşlığın inkişafı haqqında memorandum imzalanıb. Sənədi "Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov və "Rusiya Dəmir Yolları" ASC-nin Baş direktoru və idarə heyətinin sədri Oleq Belozyorov imzalayıblar.
Memorandum Avrasiyadakı beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafı və istismarı, o cümlədən xarici iqtisadi əlaqələrin genişləndirilməsi, eləcə də tranzit və ixrac-idxal daşımaları üçün optimal nəqliyyat şəraitinin təmin edilməsi məqsədilə koordinasiyalı siyasət həyata keçirilməsinə yönəlib. Tərəflər dəmir yolu sahəsində əməkdaşlığı, o cümlədən milli dəmir yolu şirkətlərinin nəqliyyat və tranzit potensialının artırılmasını, “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin qərb marşrutu çərçivəsində İran-Azərbaycan-Rusiya-Avropa marşrutları, eləcə də Bakı-Tbilisi-Qars dəmir yolunun infrastrukturu vasitəsilə Rusiya-Azərbaycan-Türkiyə marşrutu üzrə yükdaşımaların artmasına kömək edəcək tədbirlərin birgə həyata keçirilməsi yolu ilə inkişaf etdirmək niyyətindədirlər.
"Rusiya Dəmir Yolları" ASC ilə "Azərbaycan Dəmir Yolları" QSC “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin qərb marşrutuna və digər marşrutlara konteyner qatarları ilə daşımalar üçün əlavə yüklərin cəlb edilməsi barədə razılığa gəliblər. Bundan əlavə, şirkətlər öz səylərini Şərq-Qərb istiqamətində tranzit daşımalarının inkişafına, ilk növbədə, Azərbaycan ilə Çin, eləcə də Çin və digər ölkələr arasında daşımaları Rusiya və Azərbaycan üzərindən həyata keçirilməsinə yönəldəcəklər. Yüklərin çatdırılma vaxtını azaltmaq üçün sərhəd və gömrük prosedurlarının optimallaşdırılması, o cümlədən elektron məlumat mübadiləsi və elektron şəkildə ilkin məlumatlandırma üzrə işlərin həyata keçirilməsi planlaşdırılır. “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizində və digər marşrutlarda perspektiv daşıma həcmlərini nəzərə alaraq, Samur-Yalama sərhəd keçidinin buraxma qabiliyyətinin artırılması üçün infrastrukturun razılaşdırılmış şəkildə inkişaf etdirilməsi də nəzərdə tutulur.
Sonda jurnalistlərin sualları cavablandırılıb.