SİYASƏT


Azərbaycan ilə Rusiyanın Xantı-Mansiysk Muxtar Dairəsi arasında əməkdaşlıq məsələləri müzakirə edilib

Moskva, 16 aprel, AZƏRTAC

Moskvada Xantı-Mansiysk Muxtar Dairəsinin (Yuqra diyarı) qubernatoru Natalya Komarova ilə Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu arasında işgüzar görüş olub.

AZƏRTAC Yuqra İctimai və xarici əlaqələr departamentinə istinadla xəbər verir ki, görüşdə tərəflər iqtisadi, mədəni, elm və təhsil sahələrində regionlararası əməkdaşlıq və qarşılıqlı fəaliyyət məsələlərini müzakirə ediblər.

Qeyd edilib ki, 2018-ci ildə Moskvadakı Tverskaya meydanında “Azərbaycanın payız nemətləri” festivalı keçirilib. Rusiya paytaxtının 70 mindən çox sakini və qonaqları bu festivalda Azərbaycanın mədəniyyəti, ənənələri, xalq rəqsləri və əlbəttə, milli mətbəxi ilə tanış olublar.

Bununla əlaqədar Natalya Komarova Azərbaycandan olan qonaqları, respublika regionlarının rəhbərlərini, müvafiq idarələrin başçılarını BRİKS (Braziliya, Rusiya, Hindistan, Çin, Şimali Afrika) və ŞƏT (Şanxay Əməkdaşlıq Təşkilatı) ölkələrinin iştirakı ilə iyunun 10-11-də Xantı-Mansiyskdə keçiriləcək “Yuqra diyarının malları” adlı sərgi-foruma və beynəlxalq informasiya-kommunikasiya forumuna dəvət edib.

Qeyd edək ki, keçən il Xantı-Mansiysk muxtar dairəsində “Neftin yolu” mediaekspedisiyası” adlı beynəlxalq layihəyə start verilib. Bu layihənin məqsədi Yuqrada və Azərbaycanda neft yataqlarının mənimsənilməsi tarixi barədə mediakontent yaradılması üçün neft profilli ali məktəblərin tələbələrini və gənc müəllimlərini birləşdirməkdir. Nəzərdə tutulur ki, ekspedisiyanın iştirakçıları Xantı-Mansiysk Muxtar Dairəsində, Tatarıstanda, Başqırdıstanda və Azərbaycanda neft yataqlarına baş çəkəcəklər. Bundan əlavə, Rusiyanın və Azərbaycanın neft profilli ali məktəblərinin əməkdaşlığı haqqında Bəyannamə imzalanması nəzərdə tutulur. Mediaekspedisiyanın sonunda Azərbaycan Dövlət Neft və Sənaye Universitetində Fərman Salmanovun xatirə lövhəsi vurulacaq, Rusiya yataqlarından çıxarılmış neft nümunələri kolleksiyası bu ali məktəbə təqdim ediləcək.

Səfir Polad Bülbüloğlu vurğulayıb ki, mediaekspedisiyanın formatı bu cür layihələrin həyata keçirilməsi üçün son dərəcə maraqlıdır.

Görüş başa çatanda səfirə “Neftin yolu” mediaekspedisiyası”nın gələcək iştirakçıları adından rəmzi idman köynəyi hədiyyə edilib. Köynəyin üzərində Fərman Salmanovun tarixi teleqramının mətni yazılıb: “Mən nefti tapdım. Bax belə. Salmanov”.

 

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.