CƏMİYYƏT
Azərbaycan ilə Serbiya arasında gender sahəsində əməkdaşlığa dair fikir mübadiləsi aparılıb
Bakı, 2 oktyabr, AZƏRTAC
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK) sədri Hicran Hüseynovanın rəhbərlik etdiyi nümayəndə heyəti Serbiya Respublikasına səfəri zamanı Əmək, Məşğulluq, Veteranlarla İş və Sosial Siyasət naziri Zoran Dordeviç ilə görüşüb.
Komitədən AZƏRTAC-a verilən məlumata görə, görüşdə iki ölkə arasında ənənəvi dostluq münasibətlərindən məmnunluq ifadə olunub.
Nazir Zoran Dordeviç Serbiya ilə Azərbaycan arasında sosial təhlükəsizlik, gender problemləri, gender əsaslı ayrı-seçkiliyə və insan alverinə qarşı mübarizədə daha sıx əməkdaşlıq əlaqələri qurmaq istədiklərini bildirib.
Hicran Hüseynova növbəti illərdə də iki ölkə arasında ümumi maraq doğuran sahələrdə əməkdaşlığı inkişaf etdirməyə hazır olduğunu bildirib.
Görüş zamanı layihələrdə səmərəliliyin artırılması məqsədilə fikir mübadiləsi aparılıb, həmçinin əməkdaşlığın davamlı olmasının vacibliyi qeyd olunub.