İQTİSADİYYAT


Azərbaycan ilə Serbiya arasında ticarət və iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın iclası keçirilib

Bakı, 8 dekabr, AZƏRTAC

Belqradda Azərbaycan ilə Serbiya arasında ticarət və iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 5-ci iclası keçirilib.

İqtisadiyyat naziri, Azərbaycan Respublikası ilə Serbiya Respublikası arasında ticarət və iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın həmsədri Şahin Mustafayevin rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti Serbiyada səfərdə olub.

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Azərbaycan nümayəndə heyəti Belqradın Taşmaydan Parkında ümummilli lider Heydər Əliyevin abidəsinin önünə əklil qoyub, xatirəsini ehtiramla yad edib. Nümayəndə heyəti, həmçinin yazıçı Milorad Pavicin və 1999-cu ildə Belqradın bombalanması zamanı öldürülən uşaqların xatirəsinə ucaldılmış abidələri də ziyarət edib.

Sonra Serbiya Palatasında Hökumətlərarası Komissiyanın həmsədrlərinin - Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayevin, Serbiyanın Baş nazirinin müavini, ticarət, turizm və telekommunikasiya naziri Rasim Lyayiçin rəhbərlik etdiyi nümayəndə heyətləri üzvlərinin və Serbiya şirkətlərinin iştirakı ilə "dəyirmi masa" keçirilib. Tədbirdə Azərbaycanda yaradılmış əlverişli biznes və investisiya mühiti barədə məlumat verilib, Azərbaycan və Serbiya işgüzar dairələri arasında əlaqələrin inkişafına, biznes sahəsində ikitərəfli əməkdaşlığın genişləndirilməsinə dair müzakirələr aparılıb.

Həmin gün Azərbaycan Respublikası ilə Serbiya Respublikası arasında ticarət və iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 5-ci iclası keçirilib. Azərbaycan tərəfindən iqtisadiyyat naziri Şahin Mustafayevin rəhbərlik etdiyi Hökumətlərarası Komissiyaya müvafiq dövlət qurumlarının yüksəkvəzifəli rəsmiləri daxil idi. Serbiya tərəfi isə iclasda Baş nazirin müavini, ticarət, turizm və telekommunikasiya naziri Rasim Lyayiçin rəhbərlik etdiyi nümayəndə heyəti ilə təmsil olunub.

İclasda çıxış edən nazir Şahin Mustafayev Azərbaycan və Serbiya əlaqələrinin strateji əməkdaşlığa, qarşılıqlı dostluq və hörmət prinsiplərinə əsaslandığını, dövlət başçılarının əməkdaşlığa böyük önəm verdiyini qeyd edib.

Şahin Mustafayev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2011-ci ildə Serbiyaya, Serbiya Respublikasının Prezidenti Aleksandr Vuçiçin 2018-ci ilin mayında Azərbaycana səfərlərinin ikitərəfli əməkdaşlığın inkişafında mühüm əhəmiyyətini vurğulayıb.

Diqqətə çatdırılıb ki, ölkələrimiz arasında möhkəm hüquq-müqavilə bazası mövcuddur. Serbiya ilə ticarət-iqtisadi, investisiyaların təşviqi, vergitutma və s. sahələrdə 30-dan çox sənəd imzalanıb.

2013-cü ildə imzalanmış "Azərbaycan Respublikası ilə Serbiya Respublikası arasında dostluq və strateji tərəfdaşlıq haqqında Bəyannamə" və 2018-ci ilin mayında imzalanmış "Azərbaycan Respublikası ilə Serbiya Respublikası arasında Strateji Əməkdaşlıq üzrə Birgə Fəaliyyət Planı" ölkələrimiz arasında ikitərəfli əməkdaşlığın xarakterini müəyyən edən əsas sənədlərdir.

Serbiya Respublikası Prezidentinin Azərbaycana sonuncu səfəri zamanı ölkələrimiz arasında tibb və tibbi təhsil, məhkəmə, karantin və bitki mühafizəsi, beynəlxalq yükdaşımalar və hava əlaqələri sahəsində bir sıra mühüm sənədlər imzalanıb, Azərbaycan-Serbiya işgüzar görüşü keçirilib.

Qeyd edilib ki, ölkələrimiz arasında əməkdaşlığın əsas istiqamətlərindən biri də ticarət əlaqələridir. 2017-ci ildə ölkələrimiz arasında ticarət dövriyyəsi 36 faiz, 2018-ci ilin ilk 9 ayında isə 33 faiz artıb. Azərbaycan və Serbiya arasında qarşılıqlı investisiya qoyuluşu həyata keçirilir. Azərbaycanın "AzVirt" şirkəti Serbiyada həyata keçirilən infrastruktur layihələrində iştirak edir. Turizm sahəsində də əməkdaşlığımız inkişaf edir. 2017-ci ildə Azərbaycana gələn Serbiya vətəndaşlarının sayında 14 faiz artım müşahidə edilib. Azərbaycan vətəndaşları Serbiyaya vizasız səfər edə bilər, Serbiya vətəndaşları isə ölkəmizə səfər zamanı "ASAN viza" sisteminin imkanlarından istifadə edə bilərlər. Humanitar sahədə əməkdaşlığa gəlincə, Şahin Mustafayev qeyd edib ki, 2018-ci ildən Belqrad Universitetində Azərbaycan Dili və Mədəniyyəti Mərkəzi, Azərbaycan Dillər Universitetində Serb Dili və Mədəniyyəti Mərkəzi fəaliyyət göstərir. İqtisadiyyat naziri Şahin Mustafayev vurğulayıb ki, dövlət başçılarının möhkəm siyasi iradəsi, ölkələrimizin geniş iqtisadi potensialı və qarşılıqlı maraq səmərəli əməkdaşlıq üçün əlverişli imkanlar yaradır.

Serbiyanın Baş nazirinin müavini Rasim Lyayiç çıxışında ölkəsinin Azərbaycanla əlaqələrə böyük əhəmiyyət verdiyini vurğulayıb, ticarət-iqtisadi əlaqələrin genişləndirilməsi, energetika, kənd təsərrüfatı, infrastruktur, İKT, turizm və s. sahələrdə əməkdaşlıq imkanlarını qeyd edib.

İclasda komissiya üzvləri müzakirə olunan məsələlərə və iqtisadiyyatın ayrı-ayrı sahələri üzrə əməkdaşlığın inkişafına dair fikir mübadiləsi aparıblar.

Sonda Azərbaycan Respublikası ilə Serbiya Respublikası arasında ticarət və iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 5-ci iclasının yekunlarına dair Protokol imzalanıb. Sənədi Komissiyanın həmsədrləri - Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev və Serbiyanın Baş nazirinin müavini, Ticarət, turizm və telekommunikasiya naziri Rasim Lyayiç imzalayıblar. Sənəddə iqtisadi-ticarət, investisiya, maliyyə, sənaye, enerji, nəqliyyat, infrastruktur, kənd təsərrüfatı, kiçik və orta sahibkarlıq, İKT, təhsil, səhiyyə, ekologiya, turizm, mədəniyyət, gənclər, idman və digər sahələrdə əməkdaşlığın davam etdirilməsi və genişləndirilməsi nəzərdə tutulur.

Serbiyaya səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti Serbiyanın səhiyyə naziri Zlatibor Lonçarla görüşüb. Görüşdə Azərbaycanda yaradılmış Pirallahı Sənaye Parkının imkanları barədə məlumat verilib, Serbiya şirkətləri ilə əczaçılıq sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.