İQTİSADİYYAT


Azərbaycan ilə Səudiyyə Ərəbistanı arasında enerji sahəsində əlaqələr müzakirə olunub

Bakı, 17 mart, AZƏRTAC

Bakıda “OPEC plus” ölkələri Nazirlərinin birgə Monitorinq Komitəsinin 13-cü iclası çərçivəsində energetika naziri Pərviz Şahbazovla Səudiyyə Ərəbistanı Krallığının energetika, sənaye və təbii sərvətlər naziri Xalid Əbdüləziz Əl Falihin başçılıq etdiyi nümayəndə heyəti arasında görüş keçirilib.

AZƏRTAC xəbər verir ki, energetika naziri “OPEC plus” ölkələrinin iclasında iştirak etdiyinə görə Xalid Əbdüləziz Əl Falihə təşəkkürünü bildirib. Nazir bu əməkdaşlıq formatını neft qiymətlərinin sabitləşməsi və bazarda balansın qorunmasında səmərəli və çevik mexanizm kimi qiymətləndirib. Neft sənayesində bir çox ilklərin məkanı kimi Azərbaycanın neft bazarının tənzimlənməsi prosesində iştirakından və “OPEC plus” ölkələrinin tədbirinə ev sahibliyi etməsindən məmnunluğunu ifadə edib. Pərviz Şahbazov, eyni zamanda, “Əməkdaşlıq Bəyannaməsi” çərçivəsində Səudiyyə Ərəbistanın səylərini və ümumi məqsəd naminə fəaliyyətini yüksək qiymətləndirib.

Xalid Əbdüləziz Əl Falih Prezident İlham Əliyevin “OPEC plus” formatının yaradılmasında liderlik rolunu və Azərbaycanın fəal iştirakını, neft bazarının tənzimlənmə prosesinə töhfəsini xüsusi qeyd edib. İlin sonuna kimi bazarda tələb-təklif tarazlığının gözlənilməsi və qiymətlərdə volatilliyin aradan qaldırılması üçün “OPEC plus” iştirakçılarının öhdəliklərini yerinə yetirmələrinin vacibliyini vurğulayıb.

Görüşdə 2019-cu ildə neftə qlobal tələbat və OPEC ölkələrində gözlənilən hasilat, fevral ayı üzrə öhdəliklərin icra vəziyyəti, eləcə də qlobal iqtisadiyyatın inkişaf dinamikası ətrafında fikir mübadiləsi aparılıb.

Söhbət zamanı, həmçinin iki ölkə arasında enerji sahəsində yeni əməkdaşlıq əlaqələri, “Saudi Aramco” şirkətinin fəaliyyəti və digər məsələlər də müzakirə edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.