SİYASƏT
Azərbaycan ilə Sinqapur arasında ikitərəfli əməkdaşlıq məsələləri müzakirə olunub
Cakarta, 23 noyabr, AZƏRTAC
Azərbaycanın Sinqapurdakı səfiri Tamerlan Qarayev bu ölkənin xarici işlər üzrə dövlət naziri Səm Tan Çin Sionq və “Baalvi” məscidinin imamı, müsəlman icmasının rəhbəri Seyid Həsən Alattas ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, dövlət naziri ilə görüşdə ikitərəfli əlaqələrin inkişaf etdirilməsi, iqtisadi islahatlar sahəsində təcrübə mübadiləsi üçün ikitərəfli mexanizmin müəyyən olunması, turizm əlaqələri, iki ölkə ictimaiyyətinin birbaşa təmaslarının asanlaşdırılması, Sinqapura səyahət edən Azərbaycan vətəndaşları üçün viza rejiminin sadələşdirilməsi və digər məsələlər müzakirə edilib.
Cənub-Şərqi Asiyada böyük nüfuza malik Alattas ailəsinin Sinqapurdakı nümayəndəsi, Məhəmməd peyğəmbərin nəslindən olan Seyid Həsən Alattas ilə görüşdə isə iki ölkənin dinlərarası dialoq və multikulturalizm üzrə ən qabaqcıl və nümunəvi ölkələrdən olduqları qeyd olunub, bu istiqamətdə geniş müzakirələr aparılıb.
Görüşdə Seyid Həsən Alattas qeyd edib ki, onun bir icma lideri və məscid imamı kimi ən başlıca məqsədi ekstremizmdən və cahillikdən uzaq əsl İslamı təbliğ etmək və onun elmi, müasirliyi, inkişafı təşviq edən mükəmməl bir din olduğunu sübut etməkdir. Vurğulayıb ki, Azərbaycana olan xüsusi hörmətinin əsas səbəblərindən biri məhz əsl islamın bu ölkədə mövcud olmasıdır. O qeyd edib ki, hər zaman öz arqumentlərində keçmiş sovet blokunda olmuş Orta Asiya müsəlman ölkələrini, xüsusilə də Azərbaycanı misal gətirir.
Səfir öz növbəsində Azərbaycan haqqında xoş sözlərə görə minnətdarlığını bildirib. Azərbaycanın qədim tarixi, ölkə kimi formalaşması, əsrlər boyu apardığı mübarizələrdən bəhs edib. Sovet dövründəki dini həyat tərzi, xalqımızın hər zaman öz mənəvi dəyərlərini qoruyub saxlamaq üçün göstərdiyi fədakarlıq barədə məlumat verib. Müstəqillik bərpa edildikdən sonra Azərbaycanın üzləşdiyi problemlər, o cümlədən Ermənistanın Azərbaycana qarşı təcavüzü haqqında danışıb. Bütün çətinliklərə baxmayaraq, ölkə rəhbərliyinin həyata keçirdiyi uğurlu siyasət nəticəsində Azərbaycanın bütün dünyada multikulturalizm, mədəniyyətlər arası dialoq, tolerantlıq kimi dəyərləri təşviq edən ölkə kimi tanındığını vurğulayıb.
Azərbaycan Prezidentinin bu məsələyə xüsusi diqqət göstərdiyini qeyd edən diplomat “Bakı Prosesi” çərçivəsində ölkəmizin çoxsaylı humanitar, mədəni forumlara ev sahibliyi etdiyini xatırladıb. 2017-ci ilin ölkəmizdə “İslam Həmrəyliyi İli” elan edildiyini qeyd edən səfir bununla əlaqədar təşkil edilən tədbirlər barədə də danışıb. İlin yekun tədbirinin dekabrın 21-də keçiriləcəyini bildirərək həmin tədbirə Seyid Həsən Alattasın da dəvətli olduğunu vurğulayıb.
Sinqapurun “Berita Harian” adlı qəzetində Azərbaycan səfirinin Seyid Həsən Alattas ilə görüşü haqqında məqalə dərc olunub.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Cakarta