SİYASƏT


Azərbaycan ilə Sinqapur arasında qarşılıqlı maraq doğuran ikitərəfli və regional məsələlər müzakirə edilib

Bakı, 24 sentyabr, AZƏRTAC

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Nyu-Yorkda BMT Baş Assambleyasının 77-ci sessiyasının yüksək səviyyəli həftəsi çərçivəsində Sinqapurun xarici işlər naziri Vivian Balakrişnan ilə görüşüb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildirilib ki, Ceyhun Bayramov Azərbaycanla Sinqapur arasında Qoşulmama Hərəkatında, habelə bir çox beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıqdan və ölkəmizə verilən dəstəkdən məmnunluğunu ifadə edib. Yüksək səviyyəli mütəmadi səfərlərin, nazir müavinləri səviyyəsində siyasi məsləhətləşmələrin ölkələrimiz arasında sıx əlaqələrin qurulması üçün yaxşı zəmin yaradacağı bildirilib. Münasibətlərimizin siyasi, iqtisadi, ticarət, yüksək texnologiyalar və digər sahələrdə böyük potensialı olduğu diqqətə çatdırılıb.

Nazir, eyni zamanda, Ermənistanın ölkəmizə qarşı təcavüzünün tarixi, 44 günlük müharibədən sonra postmünaqişə dövründə ölkəmiz tərəfindən həyata keçirilən işlər, eləcə də Ermənistanın son təxribatları barədə qarşı tərəfə ətraflı məlumat verib.

Vivian Balakrişnan Sinqapurun Azərbaycanla əməkdaşlığın inkişafında maraqlı olduğunu, bir sıra Sinqapur şirkətlərinin ölkəmizə sərmayə qoyduğunu diqqətə çatdırıb. Ölkələrimiz arasında qarşılıqlı faydalı biznes əlaqələrinin inkişaf etdirilməsi üçün imkanların araşdırıldığı qeyd edilib.

Görüş zamanı, eyni zamanda, Azərbaycanla Sinqapur arasında iqtisadi əməkdaşlıq Komissiyasının təsis edilməsinin, təhsil sahəsində əməkdaşlığın perspektivləri, mədəniyyət sahəsində mübadilələrin həyata keçirilməsi, habelə qarşılıqlı maraq doğuran ikitərəfli və regional məsələlər müzakirə edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.