SİYASƏT
Azərbaycan ilə Tacikistan arasında mövcud əlaqələr müzakirə edilmişdir
Düşənbə, 14 iyun (AZƏRTAC). Azərbaycanın Tacikistandakı səfiri Abbasəli Həsənov bu ölkənin Soqd vilayətinin rəhbəri Abdurahmon Kodiri ilə görüşmüşdür.
Görüşdə ölkələrimiz arasında ticarət, iqtisadiyyat, mədəniyyət sahələrdə əlaqələrin genişləndirilməsi barədə fikir mübadiləsi aparılmışdır.
Vilayət rəhbəri son dövrlərdə Xocənd şəhərində həyata keçirilən layihələr haqqında məlumat vermiş, yeni iş yerlərinin yaradılması istiqamətində böyük işlər görüldüyünü qeyd etmişdir.
A.Kodiri vilayətdə xarici investorlar üçün münbit şərait yaradıldığını, “Soqd Azad İqtisadi Zonası”nın təşkil edildiyini bildirmiş, xarici iş adamlarının fəaliyyəti üçün güzəştli şərtlərin nəzərdə tutulduğunu qeyd etmişdir.
A.Həsənov iqtisadi əlaqələri genişləndirmək məqsədilə görüləcək işlər barədə məlumat vermişdir.
Bildirilmişdir ki, Düşənbə şəhərində Azərbaycan-Tacikistan Hökumətlərarası Birgə Əməkdaşlıq Komissiyasının 3-cü iclasının keçirilməsi, hər iki ölkəni təmsil edən iş adamlarının iştirakı ilə biznes forumun, Azərbaycan məhsullarının Düşənbədə sərgisinin təşkil olunması istiqamətində iş aparılır.
Səfir 15 İyun - Milli Qurtuluş Günü barədə də Soqd vilayətinin rəhbərinə məlumat vermiş və bu tarixi hadisənin mahiyyətini açıqlamışdır.
Azərbaycandakı iqtisadi inkişaf barədə məlumat verən diplomat bildirmişdir ki, müstəqilliyin ilk illərində ölkəmiz vətəndaş müharibəsi təhlükəsi ilə üzləşmiş, ərazimizin 20 faizi Ermənistan tərəfdən işğal edilmiş, 1 milyondan artıq soydaşımız qaçqın və məcburi köçkünə çevrilmişdir. Belə bir vaxtda xalqımızın təkidli tələbi ilə dünya şöhrətli siyasi xadim Heydər Əliyev Bakıya dəvət olunmuş və Azərbaycan Prezidenti seçilmiş, ölkədə iqtisadi inkişafın əsası qoyulmuş, əmin-amanlıq yaradılmışdır.
Bu gün Ulu Öndərin siyasi kursu Azərbaycan Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Səfir Gəncə ilə Xocənd şəhərlərinin qardaşlaşmasından danışmış, hər iki şəhərin universitetləri arasında birbaşa əlaqələrin yaradılmasını təklif etmiş və bu fikir razılıqla qarşılanmışdır.
Vilayət rəhbəri Gəncə şəhərinin nümayəndə heyətinin Xocənd şəhərinə gəlməsini gözlədiklərini bildirmişdir.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Düşənbə