CƏMİYYƏT


Azərbaycan ilə Türkiyə arasında dini-mənəvi əlaqələr hər zaman yüksək səviyyədə olub

Bakı, 12 aprel, AZƏRTAC

Aprelin 12-də Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoralla diplomatik missiyasının başa çatması ilə əlaqədar görüşüb.

QMİ-nin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, şeyxülislam A.Paşazadə Türkiyə ilə Azərbaycan arasında dostluq, qardaşlıq, ali səviyyədə əməkdaşlığın “Bir millət-iki dövlət” prinsipinə uyğun mövcud səviyyəsindən məmnunluğunu ifadə edib, prezidentlər İlham Əliyevin və Rəcəb Tayyib Ərdoğanın qardaşlıq əlaqələrinin dövlətlərimizin, xalqlarımızın mənafelərinə uyğun olaraq yüksələn xətlə inkişafının qəlblərə fəxarət və qürur yaşatdığını dilə gətirib.

Şeyxülislam A.Paşazadə qardaş Türkiyənin səfiri Erkan Özoralı Azərbaycanda fəaliyyətdə olduğu müddət ərzində məhz qardaş qismində qəbul etdiyini, səfirin bütün fəaliyyətinin bunun bariz nümunəsi olduğunu xüsusi qeyd edib. QMİ-nin sədri səfirin Azərbaycanın şanlı Vətən müharibəsi zamanı qardaş Türkiyə dövlətinin Azərbaycanda təmsilçisi olmaq şərəfinə malik olmasını böyük nemət kimi dəyərləndirib. Türkiyə ilə Azərbaycan arasında dini-mənəvi əlaqələrin hər zaman yüksək səviyyədə olmasından qürur duyduğunu bildirən şeyxülislam A. Paşazadə səfirə bu istiqamətdə səylərinə görə təşəkkürünü bildirib.

Səmimi görüşə görə minnətdarlığını bildirən səfir E. Özoral qardaş Azərbaycanda səfir kimi fəaliyyətindən dərin məmnunluğunu, buradakı insanlarla ünsiyyətlərini heç bir vaxt unutmayacağını, tanınmış, nüfuzlu dini lider olan şeyxülislam Allahşükür Paşazadə ilə münasibətlərinə böyük dəyər verdiyini xüsusi vurğulayıb. O, Azərbaycanın Vətən müharibəsindəki Zəfərinin qardaş Türkiyə dövləti üçün də zəfər olduğunu qeyd edərək, bu şərəfli dövrdə səfir olmaq taleyindən qürur və xoşbəxtlik duyduğunu ifadə edib.

Şeyxülislam A. Paşazadə səfiri Azərbaycanın yüksək mükafatı – “Dostluq” ordeni ilə təltif olunması münasibətilə səmimi qəlbdən təbrik edib, ona gələcək fəaliyyətində uğurlar diləyib, hər zaman azərbaycanlıların qəlbində özəl yeri olacağını xüsusi vurğulayıb.

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam A. Paşazadə qarşıdan gələn Ramazan ayının Azərbaycan və Türkiyə xalqları, dövlətlərimiz üçün yeni uğurlara vəsilə olması üçün dualar edib, ən xoş arzularını bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.