CƏMİYYƏT


Azərbaycan ilə Türkiyə arasında qarşılıqlı vizadan azad etmə haqqında saziş avqustun 13-də qüvvəyə minəcək

Bakı, 6 avqust, AZƏRTAC

Dövlət Miqrasiya Xidməti (DMX) Azərbaycan Respublikasına səfər etmək, yaşamaq və əmək fəaliyyəti ilə məşğul olmaq niyyətində olan Türkiyə Respublikası vətəndaşlarına müraciət edib.

DMX-dən AZƏRTAC-a verilən məlumata görə, müraciətdə deyilir ki, 2020-ci il fevralın 25-də Bakıda imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında qarşılıqlı olaraq vizadan azad etmə haqqında Saziş” 2020-ci il avqustun 13-də qüvvəyə minəcək.

Sazişə əsasən, qarşılıqlı olaraq Azərbaycan və Türkiyə vətəndaşları bir-birinin ərazisinə daxil olmaq, tranzit keçmək, ölkədən getmək və müvəqqəti qalmaq üçün 90 gün müddətinə viza tələbindən azad edilirlər. Müvafiq ölkə ərazisində doxsan gündən çox müddətə qalmaq istəyən şəxslər müvəqqəti yaşama icazəsi almaq üçün əvvəlcədən müraciət etməlidirlər. Hər iki ölkə vətəndaşlarına məxsus pasportlar müvafiq ölkə ərazisinə giriş tarixindən etibarən azı altı ay etibarlılıq müddətinə malik olmalıdır. Hər iki ölkə vətəndaşları milli qanunvericilikdən irəli gələn qayda və prosedurlara riayət etməlidirlər. Azərbaycanda 15 gündən artıq müvəqqəti olan Türkiyə vətəndaşları olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Həmçinin vizadan azad etmə işləmək və ya hər hansı peşə fəaliyyəti ilə məşğul olmaq hüququ vermir. Azərbaycan ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq istəyən Türkiyə vətəndaşlarına mövcud qaydalara uyğun olaraq işəgötürənlər tərəfindən iş icazəsi alınmalıdır (iş icazəsinin alınması tələb olunmayan hallar istisna olmaqla).

Sazişin avqustun 13-dən etibarən qüvvəyə minməsi ölkə ərazisində tətbiq olunan xüsusi karantin rejimi ilə əlaqədar dövlət sərhədində hərəkətlə bağlı məhdudiyyətləri aradan qaldırmır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.