İQTİSADİYYAT
Azərbaycan ilə Ukrayna arasında beynəlxalq avtomobil daşımaları sahəsində mövcud vəziyyət müzakirə edilib
Bakı, 17 sentyabr, AZƏRTAC
Sentyabrın 16-da Kiyev şəhərində Azərbaycan ilə Ukrayna arasında həyata keçirilən beynəlxalq avtomobil əlaqələri sahəsində “Azərbaycan-Ukrayna Qarışıq Komissiyası”nın növbəti iclası keçirilib.
Dövlət Avtomobil Nəqliyyatı Xidmətindən (DANX) AZƏRTAC-a bildirilib ki, görüşdə Azərbaycan nümayəndə heyətinə DANX-ın rəisi Həbib Həsənov, Ukrayna nümayəndə heyətinə İnfrastruktur Nazirliyinin Nəqliyyat Daşımaları və Təhlükəsizlik Departamentinin Avtomobil Daşımaları İdarəsinin rəhbəri Yekaterina Onişenko rəhbərlik edib.
İclasda Azərbaycan ilə Ukrayna arasında beynəlxalq avtomobil daşımaları sahəsində mövcud vəziyyət, statistik məlumatların mübadiləsi, yük və sərnişin daşımaları zamanı avtodaşıyıcıların qarşılaşdığı problemlər və onların həlli yolları, eyni zamanda, “İcazə blank”larının hər iki ölkənin yükdaşıyıcılarının tələbatını nəzərə alaraq bölgüsünün təmin edilməsi müzakirə edilib.
Daşımaların inkişaf perspektivləri və digər aktual məsələlər ətrafında fikir mübadiləsi aparılaraq nəticədə müvafiq Protokol imzalanıb.