SİYASƏT


Azərbaycan ilə Ukrayna arasında siyasi, iqtisadi və mədəni əlaqələr uğurla davam edir

Bakı, 19 oktyabr, AZƏRTAC

Oktyabrın 19-da Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə ölkəmizdə səfərdə olan Ukrayna Baş nazirinin birinci müavini, iqtisadiyyat və ticarət naziri Stepan Kubivin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Nazirlər Kabinetinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə Azərbaycanla Ukrayna arasında siyasi, iqtisadi və mədəni əlaqələrin uğurla davam etdiyini məmnunluqla vurğulayan Baş nazir Artur Rasi-zadə qarşılıqlı faydalı əsaslar üzərində iqtisadi-ticari əməkdaşlığımızın daha da genişləndirilməsinin vacibliyini qeyd edib. İqtisadiyyatın bir çox sahələri üzrə birgə layihələrin həyata keçirilməsinin mümkünlüyünü bildirən Baş nazir nəqliyyat, logistika, sənaye, energetika, aqrar sahə, turizm və s. istiqamətlərdə işbirliyinə geniş imkanlar yaradıldığını xatırladıb.

Ölkələrarası əməkdaşlıqda zəruri olan regional sabitlik kontekstində Baş nazir Artur Rasi-zadə qonaqların diqqətini Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə yönəldib və Ermənistan rəhbərliyinin apardığı təcavüzkar separatizm siyasətinin nəinki region, ümumən bütün dünya üçün təhlükəli olduğunu nəzərə çatdırıb.

Görüşə görə Azərbaycanın Baş nazirinə təşəkkürünü bildirən Ukrayna Baş nazirinin birinci müavini, iqtisadiyyat və ticarət naziri Stepan Kubiv ölkəmizlə hərtərəfli əlaqələrə böyük diqqət yetirildiyini deyib. Daha sonra o, təcrübə mübadiləsi baxımından respublikamızda əldə olunmuş bir çox iqtisadi uğurlarla, müvafiq sənaye və texnologiya qurumlarının işi ilə yaxından tanışlığa maraq göstərdiyini bildirib.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan Stepan Kubiv birmənalı olaraq münaqişənin yalnız beynəlxalq hüquq normaları çərçivəsində, Azərbaycanın ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı prinsipləri əsasında həllinə tərəfdar olduqlarını vurğulayıb.

Görüşdə qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər ətrafında da geniş fikir mübadiləsi olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.