İQTİSADİYYAT


Azərbaycan ilə Xorvatiya arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq imkanları müzakirə olunub

Bakı, 14 fevral, AZƏRTAC

Azərbaycan ilə Xorvatiya arasında kənd təsərrüfatı, xüsusilə şəkər çuğunduru sahəsində əməkdaşlıq imkanları müzakirə olunub.

Kənd Təsərrüfatı Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, Azərbaycanın kənd təsərrüfatı nazirinin müavini İlham Quliyevin Xorvatiyanın ətraf mühit və energetika nazirinin müavini İvo Milatiçin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşündə Azərbaycanda aqrar sahədə həyata keçirilən institusional islahatlar, dövlətimizin başçısının aqrar sahəyə göstərdiyi diqqət və qayğı, hökumət tərəfindən kənd təsərrüfatının müxtəlif sahələrinə subsidiyaların ayrılması barədə məlumat verilib.

İlham Quliyev xorvatiyalı qonaqlara respublikamızda ixracyönümlü sahələrin - pambıqçılıq, baramaçılıq, tütünçülük, fındıqçılıq və çayçılığın inkişaf etdirilməsinin diqqət mərkəzində olduğunu vurğulayaraq qeyd edib ki, Azərbaycan neft ölkəsi olsa da, hazırda qeyri-neft sektorunun inkişafına böyük diqqət yetirilir. Bu məqsədlə dövlət tərəfindən strateji proqramlar, regionlarda sərmayə qoyuluşunu genişləndirmək üçün infrastruktur layihələri həyata keçirilir.

Nazir müavini ölkələrimiz arasında kənd təsərrüfatı sahəsində müqavilə-hüquq bazasının yaradılması məqsədilə nazirlik tərəfindən hazırlanmış “Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi və Xorvatiya Kənd Təsərrüfatı Nazirliyi arasında əməkdaşlıq haqqında” Anlaşma Memorandumu layihəsinin aidiyyəti dövlət qurumlarının rəy və təklifləri nəzərə alınaraq qarşı tərəfə təqdim olunması məqsədilə Xarici İşlər Nazirliyinə göndərildiyini söyləyib.

Görüşdə bildirilib ki, hazırda Azərbaycanda 14 min hektar sahədə şəkər çuğunduru əkilir və əkin sahəsinin 40 min hektara çatdırılması planlaşdırılır. Bu sahənin inkişaf etdirilməsi üçün şəkər çuğundurunun emalı ilə məşğul olan hüquqi və fiziki şəxslərə təhvil verilmiş məhsulun hər tonuna görə 4 manat məbləğində subsidiya da verilir.

İlham Quliyev Azərbaycanda əlverişli investisiya mühitinin olduğunu bildirərək, Xorvatiya iş adamlarını 2018-ci ilin mayında Bakıda keçiriləcək kənd təsərrüfatı sərgisinə dəvət edib.

İvo Milatiç Azərbaycanda dövlət tərəfindən aqrar sahəyə göstərilən diqqət və qayğıya heyran olduğunu, o cümlədən ölkələrimiz arasında kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən şirkətlərin qarşılıqlı əlaqələrinin daha da genişlənməsi üçün səylərini əsirgəməyəcəyini bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.