CƏMİYYƏT


Azərbaycan ilə Xorvatiya arasında miqrasiya  sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub

Bakı, 21 sentyabr, AZƏRTAC

Dövlət Miqrasiya Xidmətinin (DMX) rəisi Firudin Nəbiyev Xorvatiyada səfərdədir.

DMX-nin rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Firudin Nəbiyev səfər çərçivəsində Xorvatiya Respublikasının Daxili İşlər Nazirliyinin rəhbərliyi ilə görüşüb.

Dövlət Miqrasiya Xidmətindən (DMX) AZƏRTAC-a bildiriblər ki, qarşılıqlı fikir mübadiləsi şəraitində keçirən görüşdə Azərbaycan ilə Xorvatiya arasında münasibətlərin əhəmiyyəti qeyd edilib. Həmçinin hər iki ölkənin mövcud dostluq əlaqələrinin və əməkdaşlığın daha da yüksəlməsində və genişlənməsində maraqlı olduğu vurğulanıb. Söhbət zamanı dövlət başçıları səviyyəsində mütəmadi görüşlərə toxunulub, ötən il Xorvatiya Prezidenti Kolinda Qrabar-Kitaroviçin Bakıya rəsmi səfəri, beynəlxalq tədbirlərdə Prezident İlham Əliyev ilə görüşləri, miqrant–qaçqın böhranı və bu qəbildən insanlara yardım göstərilməsi sahəsində həmfikir olduqlarının önəmi diqqətə çatdırılıb. Bildirilib ki, görüşlərdə hər iki tərəfin iqtisadi, müdafiə və təhlükəsizlik, ticarət, sərmayə qoyuluşu, turizm, nəqliyyatın bütün növləri, elmi və texniki, ekoloji, informasiya, sosial yardım, mədəni, gənclər və idman sahələrində hərtərəfli əməkdaşlıqda maraqlı olduğu vurğulanıb. Bütün bunlar Xorvatiya ilə Azərbaycanın miqrasiya sahəsində də əməkdaşlığını zərurətə çevirib.

F.Nəbiyev Azərbaycanda miqrasiya sahəsində vahid dövlət siyasətini həyata keçirən xüsusi dövlət orqanı olan DMX-nin fəaliyyəti barədə məlumat verib. Qeyd edib ki, dünyada cərəyan edən qloballaşma fonunda Azərbaycan regionda gedən miqrasiya proseslərinə təsir etmək, ölkə ərazisinə miqrasiya axınlarını nəzarətdə saxlamaq və respublika daxilində miqrasiya proseslərini yerli qanunvericiliyə uyğun idarə etmək və tənzimləmək üçün fəal miqrasiya siyasəti yürüdür. 2012-ci ildən Bakıda və Yevlaxda DMX-nin Qanunsuz Miqrantların Saxlanılması mərkəzləri fəaliyyət göstərir. Mərkəzlərin beynəlxalq standardlara və normalara uyğun fasiləsiz fəaliyyəti üçün tam şərait yaradılıb. Burada könüllü və ya məcburi yerləşdirilən miqrantların hüquqları və vəzifələri ilə bağlı zəruri qanunvericilik aktları qəbul edilib.

Diqqətə çatdırılıb ki, Azərbaycan ilə Xorvatiya arasında indiyədək müxtəlif sahələri əhatə edən 20-yə yaxın ikitərəfli saziş imzalanıb. Bu gün miqrasiya sahəsində də belə bir əməkdaşlıq sazişinə ehtiyac var. Bununla belə 2014-cü il fevralın 28-də Brüsseldə “Azərbaycan ilə Avropa İttifaqı arasında icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında” Saziş imzalanıb və həmin sentyabrın 1-də qüvvəyə minib. Eyni məzmunlu sazişlər İsveçrə, Norveç və Monteneqro hökumətləri ilə də imzalanıb. Sazişlərə əsasən, 2014-cü ildən indiyədək 324 nəfər Azərbaycan Respublikası vətəndaşı readmissiya olunub. Xarici tərəfdaşlarla birgə beynəlxalq layihələr çərçivəsində readmissiya olunmuş Azərbaycan vətəndaşlarının reinteqrasiyasına Xidmət tərəfindən önəm verilir. Vurğulanıb ki, indiyədək Xorvatiyadan readmissiya edilən Azərbaycan vətəndaşı olmayıb.

Xidmət rəisi qeyd edib ki, humanist miqrasiyanın miqrantlar və cəmiyyət üçün faydalılığı nəzərə alınaraq, ötən il Azərbaycanın Dövlət Miqrasiya Xidməti və Beynəlxalq Miqrasiya Təşkilatı arasında “Azərbaycandan miqrantların könüllü qayıdışına yardım üzrə pilot layihənin həyata keçirilməsinə dair əməkdaşlıq Sazişi” imzalanıb. Hazırda Sazişin icrası ilə bağlı iş aparılır.

Bildirilib ki, bilavasitə Prezident İlham Əliyevin təşəbbüsü ilə əcnəbilərin Azərbaycana gəlməsi və getməsi ilə bağlı sadələşdirilmiş prosedur tətbiq edilir. Belə ki, 2017-ci ilin əvvəlindən “ASAN Viza” sisteminin tətbiqi nəticəsində üç gün, o cümlədən üç saat ərzində turist vizasının alınması mümkündür.

Ermənistanın Azərbaycana təcavüzündən və bir milyondan çox soydaşımızın qaçqın və məcburi köçkünə çevrildiyindən söhbət açan F.Nəbiyev deyib ki, ümumilikdə qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həlli məqsədilə 6,2 milyard manat vəsait xərclənib. Azərbaycan Hökuməti tərəfindən bu insanların məşğulluq, təhsil, yaşayış sahəsi və tibbi, sosial təminatı ilə əlaqədar tədbirlər mərhələli qaydada və ən başlıcası daha ağır şəraitdə yaşayan ailələrin sosial, mənzil-məişət prоblеmlərinin həlli istiqamətində tədbirlər bu gün də davam etdirilir. Bu məqsədlə 100-ə yaxın müasir qəsəbə salınıb. Bu qədər ağır yükü olan Azərbaycanda Dövlət Miqrasiya Xidməti qaçqınlar (sığınacaq axtaranlar) haqqında Azərbaycan Respublikası qanunvericiliyinin icrasını 2008-ci ildən mükəmməl şəkildə təmin edir. 2013-cü ildə Dövlət Miqrasiya Xidməti Avropa Komissiyası və BMT QAK tərəfindən birgə maliyyələşdirilən “Şərqi Avropada və Cənubi Qafqazda sığınacaq sistemlərinin keyfiyyətinin artırılması təşəbbüsü” layihəsinə qoşularaq, layihə çərçivəsində keçirilən bütün tədbirlərdə fəal iştirak edib.

Sonra Azərbaycan ilə Avropa İttifaqı arasında qüvvəyə minmiş readmissiya sazişindən irəli gələrək Xorvatiya ilə həmin sazişin icra protokolunun imzalanması məsələsi müzakirə olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.