ELM VƏ TƏHSİL


Azərbaycan ilk dəfə Bitki Genetik Ehtiyatları üzrə Hökumətlərarası Texniki İşçi Qrupun tərkibinə daxil edilib

Bakı, 11 oktyabr, AZƏRTAC

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Ərzaq və Kənd Təsərrüfatı Biomüxtəlifliyi (ƏKTB) üzrə Komissiyasının 18-ci sessiyası keçirilib. Sessiyada Hökumətlərarası Texniki İşçi Qrupların tərkibi yenidən formalaşdırılıb. Azərbaycan ilk dəfə olaraq Bitki Genetik Ehtiyatları üzrə Texniki İşçi Qrupa daxil edilib. Bu, Azərbaycanda bitki genetik ehtiyatları üzrə fəaliyyətlərin təqdir edilməsinin və ölkəmizin dünyada artan nüfuzunun daha bir göstəricisidir.

Bu barədə AZƏRTAC-a AMEA-dan bildirilib. Tədbirdə, həmçinin sessiyalararası işlərin təşkili, digər forumların hazırlanması, beynəlxalq alətlər və təşkilatlarla əməkdaşlığa qərar verilib. Komissiyanın növbəti sessiyası 2023-cü il iyulun 28-nə təyin edilib.

Tədbirdə Azərbaycan Respublikasının nazirlik və agentliklərinin nümayəndələri ilə yanaşı, AMEA-nın Botanika İnstitutunun şöbə müdiri Dilzarə Ağayeva və Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun laboratoriya müdiri İsmayıl Zülfüqarov iştirak ediblər.

Sessiyanı FAO-nun baş katibi Qu Dongyu açaraq, biomüxtəlifliyin hər bir ekosistemdə canlı həyatı təmsil etdiyini, onun qida təhlükəsizliyi və qida müxtəlifliyi üçün vacibliyini qeyd edib. Sessiya ərzində ƏKTB çərçivəsində qidalanma və insan sağlamlığı, genetik mənbələrin azalması, iqlim dəyişikliyinə uyğunlaşma və təsirinin yumşaldılması, genetik resurslardan səmərəli istifadə və faydaların paylaşılması, genetik ehtiyatlar üzrə rəqəmsal sekvens məlumatları, mühafizə və davamlı inkişaf üçün biotexnologiyaların tətbiqi, ərzaq və kənd təsərrüfatı üçün su, meşə, heyvan, mikroorqanizm, onurğasızlar və bitki genetik resursları, onların idarə edilməsi kimi məsələlər geniş müzakirə edilib, müvafiq sənədlər hazırlanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.