MƏDƏNİYYƏT
Azərbaycan incəsənət ustaları Asiya mədəniyyət karnavalında iştirak edir VİDEO
Pekin, 15 may, AZƏRTAC
Çinin paytaxtı Pekində keçirilən “Asiya sivilizasiyalarının dialoqu” konfransı çərçivəsində mayın 15-də Asiya mədəniyyət karnavalının açılışı olub.
AZƏRTAC xəbər verir ki, Pekindəki məşhur “Quş yuvası” stadionunda keçirilən tədbirdə Çin Xalq Respublikasının Sədri Si Cinpin çıxış edib.
Tədbirin açılış mərasimi və karnavalında Azərbaycan sənətçiləri iştirak ediblər. Qala konsertin proqramına Birləşmiş Simfonik Orkestrinin, habelə müxtəlif ölkələrdən dəvət olunmuş milli folklor və rəqs kollektivlərinin birgə çıxışları daxil edilib.
“Asiya sivilizasiyalarının dialoqu” konfransında gənc liderlər, 2000-dən artıq ölkənin nümayəndə heyəti, dünya səviyyəli rəssam və musiqiçilər, habelə 70 mindən çox tamaşaçı iştirak edib. Tədbir “Gəncliyin bayramı, Asiyanın arzusu" mövzusuna yönəlib. Karnaval müxtəlif möhtəşəm sənət nümayişləri və yüksək texnologiyalı səhnə effektlərini nümayiş etdirir.
Konfransı çərçivəsində keçirilən Asiya mədəniyyət karnavalının açılış mərasimində Azərbaycan Dövlət Rəqs Ansamblı (direktor Elçin Qədimov), Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı (direktor Elçin Abbasov) və Birləşmiş Millətlər Simfonik Orkestrinin tərkibində beynəlxalq müsabiqələr laureatı, Prezident təqaüdçüsü, truba ifaçısı İsrafil Rəsulov çıxış edib. Azərbaycan Dövlət Rəqs Ansamblı 40 nəfərlik heyətlə “Mənim Azərbaycanım” suitasını ifa edib. Ansamblın konsert proqramını Xalq artisti Rüfət Xəlilzadə hazırlayıb.
Karnavalda yerli incəsənət ustaları ilə yanaşı, Asiyanın bir neçə ölkəsindən, o cümlədən Azərbaycan, Türkiyə, Rusiya, Tacikistan, Qazaxıstan, Türkmənistan, Qətər və başqa dövlətlərin mahnı və rəqs qrupları, musiqiçilər çıxış ediblər.
Mayın 22-dək davam edəcək karnaval Asiya xalqları arasında mədəni mübadilənin təşviqi məqsədini daşıyır.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin